ABŞ İranın regional güc olmasına imkan verəcəkmi? Dünya

ABŞ İranın regional güc olmasına imkan verəcəkmi?

"İran və Altılıq (BMT Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) ölkələrinin Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda razılıq əldə etməsi indiki məqamda gözlənilən olsa da, ümumiyyətlə götürəndə, sürpriz sayıla biləcək nəticədir".
Bu sözləri BAXCP-nin ictimai və siyasi məsələr üzrə katibi Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bu sonuc Qərblə İranın gizli danışıqları uzun müddətdir apardığını təqdiqləyir:
"Razılaşmaya əsasən, İran nüvə silahının yaradılması istiqamətində cəhdlərindən imtina edəcək, bunun müqabilində isə ABŞ İrana qarşı qoyduğu bütün sanksiyaları dayandıracaq, İranın Qərb banklarındakı maliyyəsi geri qaytarılacaq. Əslində, bunu öz maraqlarımızdan dəyərləndirdikdə, razılaşmanın Azərbaycanın ümumilikdə xeyrinə olduğunu düşünürəm. ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması İranı qane etmirdi və istər-istəməz bu cənub qonşumuz Vaşinqton-Bakı əlaqələrinə görə Azərbaycanın maraqları xaricində İrəvanla münasibətləri daha da yaxşılaşdırmaqla təsir gücünü saxlamaq istəyirdi. Əlbəttə, Azərbaycanın güclü və regional dövlət olması Tehranın maraqlarında deyil və buna görə də hesab etmirəm ki, bu razılaşmadan sonra İrəvan-Tehran münasibətləri Azərbaycanın arzuladığı səviyyəyə enəcək. Amma bütün hallarda, bu əlaqələr artıq əvvəlki kimi rəsmi Bakıya təsir üstündə qurulmayacaq".
ABŞ-la münasibətləri normallaşan İranın Azərbaycan-Türkiyə meqalayihələrinə qoşulmaq imkanlarının gündəmə gəldiyini bildirən N.Orduxanlının fikrincə, bu razılaşmanın mənfi tərəfləri də yox deyil:
"Bundan sonra İranın iqtisadi baxımdan güclənməsi mümkündür ki, bu da onun regional güc olmasına təkan verəcək. Təəssüf ki, min illərlə formalaşan şovinizm İrana Azərbaycanla münasibətləri yüksək səviyyəyə qaldırmağa və ölkəmizin milli maraqlarında birmənalı olaraq ədalətli mövqe tutmasına imkan vermir. Baxmayaraq ki, Azərbaycan müsəlman və şiə dövlətidir. İranın Fələstinə qarşı İsraili ən kəskin tənqid edən və müsəlmanların mövqeyini bu baxımdan sərt şəkildə qoruduğunu nümayiş etdirən dövlət kimi çıxış etməsinə rəğmən, ərazisi işğal edilən, bir milyon müsəlman, həm də şiə qardaşı yurd-yuvasından didərgin düşən Azərbaycanın haqlı mövqeyini İranın bu dərəcədə görməzdən gəlməsi onun dini-siyasi mövqeyinin səmimi olmadığını göstərir. Bu qeyri-səmimilik isə gələcəkdə güclənməsi ehtimal edilən İranın xarici siyasətində daha qabarıq şəkildə özünü göstərə bilər".
N.Orduxanlının fikrincə, hər şey proseslərin gedişində aydınlaşacaq:
"İsrailin şiddətlə bu razılaşmaya qarşı çıxması, həmçinin Yəməndə gedən qarşıdurmalarda İranın mövqeyinin bundan sonra necə olacağı, İran-Rusiya münasibətlərinin taleyi və s. məsələlər var ki, onlar aydınlaşdıqca razılaşmanın əsl mahiyyəti üzə çıxacaq. Məncə, bu razılaşma ilə İran-Rusiya münasibətlərinin inkişafına mane olmağa çalışan Qərb paralel olaraq İranın regional dövlətə çevrilməsinə də imkan verməyəcək. Səudiyyə Ərəbistanı liderliyində koalisiyanın və Vahid Ərəb Ordusunun yaradılması təşəbbüsünün ABŞ tərəfindən dəstəklənməsi də buna hesablanıb".