“Rəsmi Tiflis yaranmış vəziyyətə münasibət bildirməlidir” Dünya

“Rəsmi Tiflis yaranmış vəziyyətə münasibət bildirməlidir”

Tahir Rzayev: "Azərbaycanla Gürcüstanın sağlam münasibətlərini gözü götürməyən qüvvələr az deyil"

"Human Rights Watch", "Amnesty İnternational", "Transparensy İnternational", "Sərhədsiz reportyorlar" kimi təşkilatlar uzun illərdir ki, Azərbaycan həqiqətlərinə qərəzli mövqedən yanaşır və hər bir cəhdlə dövlətimizin imicinə ziyan vurmağa çalışırlar.
Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Tahir Rzayev dilə gətirib.
Onun dediyinə görə, çünki bu təşkilatlar əsasən Azərbaycana düşmən olan qüvvələr tərəfindən maliyyələşdirilir və inkişafımızı istəməyən daxili və xarici dairələrdən dəstək alırlar.
O qeyd edib ki, bu təşkilatlarla əməkdaşlıq edən gürcü ekspertlərinin də beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə aparılan kampaniyada iştirak etmələri gözləniləndir.
T.Rzayevin fikrincə, çünki bu ekspertlər adıçəkilən təşkilatlarla ümumi mənafelər və məqsədlər ətrafında birləşmişlər, belə olan halda da gürcü ekspertlərdən ölkəmizin xeyrinə rəy formalaşdırmağı gözləmək sadəlövhlük olar.
Deputat hesab edir ki, bu təşkilatların gürcü ekspertləri ilə birliyi çox çirkin məqsədlərə hesablanıb və düşünülmüş şəkildə həyata keçirilir.
T.Rzayevin bildirdiyinə görə, beynəlxalq təşkilatların ölkəmizin əleyhinə formalaşdırılan ictimai rəyə görə gürcü ekspertlərdən istifadə etmələri ilk növbədə Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasına, iki qonşu ölkə arasında sağlam əlaqələrin zəiflədilməsinə xidmət edir.
"Çünki bu gün Azərbaycan-Gürcüstan əməkdaşlığı özünün ən yüksək səviyyəsindədir və çox mühüm layihələrin həyata keçirilməsində qonşu ölkələr daim həmrəylik nümayiş etdirirlər. Əlaqələrin gündən-günə möhkəmləndirilməsi hər iki dövlətin sosial-iqtisadi inkişafına təkan verməklə insanların həyat şəraitini yaxşılaşdırır və həm də Qafqazda sabitliyin olmasına imkan yaradır.
Əlbəttə, Azərbaycan-Gürcüstan münasibətlərinin sağlam məcrada davam etməsi daha çox qonşu dövlət üçün vacibdir. Çünki ölkəmiz tərəfindən həyata keçirilən bir çox əhəmiyyətli layihələrdə Gürcüstanın iştirakına imkan yaradılması bu mesaj vermək, ölkə iqtisadiyyatını çətin vəziyyətdən çıxarmaq deməkdir.
Neft, qaz, dəmir yolu xətlərinin çəkilməsində tranzit ölkə kimi Gürcüstanın seçilməsi dostluq və qardaşlıq münasibətlərindən, qarşılıqlı hörmət və ehtiramdan irəli gəlir. Gürcüstan iqtisadiyyatının, turizm və xidmət sahələrinin Azərbaycanın dəstəyi və köməyi ilə irəli getməsi heç kimə sirr deyil və bunu gürcü xalqı yaxşı bilir.
Ancaq iki qonşu ölkənin sağlam münasibətlərini və inkişafını gözü götürməyən və bu həmrəyliyə, dostluğa mane olmağa çalışan qüvvələr də az deyil. Gürcü ekspertləri də bu məqsədlə ələ alınıb və onlar Azərbaycanın əleyhinə aparılan kampaniyalara cəlb edilmişlər.
Sözsüz ki, bu ekspertlərin qərəzli mövqeləri Gürcüstan dövlətinin mövqeyi kimi qiymətləndirilə bilməz. Qonşu ölkənin rəhbərləri heç vaxt belə səhvə yol verməzlər. Ancaq bununla bərabər, Gürcüstanın səlahiyyət sahiblərinin yaranmış vəziyyətə münasibət bildirməsi vacibdir və bu yersiz söz-söhbətlərə son qoyulmuş olar", - deyə T.Rzayev daha sonra sözlərinə əlavə edib.