“Hökumət “Forbes” jurnalının gəldiyi nəticələrə uymamalıdır” Dünya

“Hökumət “Forbes” jurnalının gəldiyi nəticələrə uymamalıdır”

Əli Məsimli: "Reallıq budur ki, manat bazar münasibətlərinin prinsiplərndən uzaq şəkildə inzibatı yolla tənzimlənən xammal valyutasıdır"

Azərbaycan manatı və Moldova leyi postovet ölkələri arasında böhrana ən davamlı valyuta hesab edilib. Belə bir nəticəyə "Forbes" jurnalının ekspertləri gəliblər.
"Forbes" müəyyən edib ki, Azərbaycan və Moldova postsovet məkanında baş verən iqtisadi böhran zamanı ən az inflyasiya yaşayan ölkələrdir.
Qeyd olunur ki, MDB ölkələrində birdən baş verən valyuta devalvasiyasının səbəbləri müxtəlif olsa da, oxşarlıqlar da var. Oxşar cəhətlər arasında ekspertlər aşağı rəqabətə davamlılıq, daha az inkişaf etmiş daxili bazar, planlı təsərrüfat sisteminin saxlanılması və Rusiya iqtisadiyyatından güclü asılılıq faktorlarını göstərirlər.
Beynəlxalq bankın hesablamalarına görə Rusiya pul köçürmələrindən ən asılı ölkə Tacikistan, ən az buna ehtiyac duyan ölkə isə Azərbaycandır. Belə ki, Ermənistan 21, Gürcüstan 12, Qırğızıstan 31,5, Tacikistan 42, Moldovan 25, Ukrayna 5,5, Özbəkistan 12, Azərbaycan iqtisadiyyatı 2,5 faiz olmaqla Rusiyada işləyən miqrantlardan pul qəbul edir. "Forbes" son illər Rusiya iqtisadiyyatından asılı azərbaycanlıların azalmasını məhz ölkə siyasətinin uğuru hesab edir.
Valyutalara qaldıqda isə bu günə olan ən pis göstəricilər Ukrayna qrivnasında yaşanıb.
"Forbes" Rusiya rublunun əsas devalvasiya səbəbi kimi isə neftin qiymətinin aşağı düşməsi və Qərbin sanksiyalarını göstərir.
Jurnal Azərbaycandan çox Moldovanın iqtisadi təzyiqə dözməsini maraqlı hesab edir.
İqtisadi və Sosial İnnovasiyalar İnsitutunun rəhbəri, millət vəkili Əli Məsimli "Forbes" jurnalında Azərbaycanla bağlı iddiaları Moderator.az-a açıqlamasında şərh edib:
O deyib ki, "Forbes" jurnalının ekspertlərinin gəldiyi nəticələrdə həqiqət payı çoxdu: "Doğrudan da hələ transformasıya böhranının tüğyan etdiyi və həmin böhranın qanlı müharibə ilə bir-birinə qarışdığı 1991-1994-cü illərdə Azərbaycan ən çox transformasiya itkilərinə məruz qalan ölkələrdən biri olsa da, 1996-ci ildən bu yana, xüsausən də 1998-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən çox artan iqtisadiyyatdır.
Transformasıya böhranının ən dağıdıcı dövrü olan 1991-1995-ci illərdə, hətta həmin prosesin kulminasiya dövrü hesab olunan 1992-1993-ci illərdə, Azərbaycanda inflyasıya Rusiya, Ukrayna, Gürcüstanın orta göstəricilərindən aşağı olub.
Manatın davamlılığına gəldikdə isə bu özünü 2008-2009-cu ilin qlobal maliyyə iqtisadi böhranı zamanda daha əyani şəkildə göstərdi. Amma o zaman neftin qiyməti 2008-ci ilin ikinci yarısında bir barrel üçün 147 dollardan 33-35 dollara enməsi müddəti az çəkdi. Mərkəzi Bank manatın nisbi sabitliyini qorumaqdan ötrü həm çevik siyasət yeridə bildi, həm də az xərclə həmin itkilərdən çıxa bildi. O vaxt tezliklə neftin qiyməti yenidən 100 dolların ətrafına və ondan da yüksəyə qalxdı. Amma bu dəfə neftin qiymətinin aşağı səviyyədə qalması prosesi çox uzanır. Ona görə də bu dəfə Rusiya, Qazaxıstan, Türkmənistan və sair enerji daşıyıcılı ölkələrdə olduğu kimi, Azərbaycan da devalvasiyaya getməli oldu.
"Forbes" jurnalı müəyyən mənada düz qeyd edir ki, MDB ölkələrdə birdən baş verən valyuta devalvasiyası səbəbləri müxtəlif olsa da, oxşarlıqlar da var. Oxşar cəhətlər arasında ekspertlər rəqabətə davamlılıq aşağı səviyyədə olması, daha az inkişaf etmiş daxili bazar, planlı təsərrüfat sisteminə xas olan cəhətlərin saxlanılması və Rusiya iqtisadiyyatından güclü asılılıq faktorlarını göstərirlər. Bunlar düzdü, amam səbəblərin bir hissəsidir… Məsələn, neftdən asılığın dominant rolu, qeyri-neft sahələrinin eksport imkanlarının məhdudluğu, valyuta birjası problemi, valyuta sata-ala bilən qurumların azlığı, inhisarçılığın tüğyan etməsi, bazar institutlarının zəifliyi, bazar iqtisadiyyatına xas olan mühitin yetərincə olmaması və sair amillər daha ciddi təsir edir. Bundan əlavə devalvasiya məsələsində ümumi cəhətlərlə yanaşı, hər bir ölkəyə xas olan xüsusi məqamlar da az deyil. Məsələn, Rusiya rublunun əsas devalvasiya səbəbi kimi neftin qiymətinin aşağı düşməsi və Qərbin sanksiyalarını göstərir. Azərbaycan manatının 21 fevral devalvasiyasında isə "Forbes" jurnalının yazdıqlarından daha çox devalvasiya təzyiqindən doğan ajotaj, spekulyativ münasibətlər və 15-20 fevral arası gündəlik valyuta itkilərinin sürətlə artıb, ifrata çatması və s. bu kimi amillər əsas rol oynadı. Çünki dəfələrlə dediyimiz kimi, 2010-2011-ci illərdən başlayaraq Azərbaycanda neft hasilatının və neft gəlirlərinin aşağı düşməyə meyl götürməsi devalvasiyaya başlamağı labüd etsə də, vaxtında buna gedilmədi və bu da 21 fevralda şok devalvasiyaya gətirib çıxardı. Yəni söhbət devalvasiyadan yox (devalvasiya lazım olanda hökumətlər buna gedir və gedəcəklər də…), onun pis formasından gedir.
Rusiyadan asılılığa gəldikdə isə Rusiyada yaşayanların Azərbaycana - öz ailələrinə göndərdikləri pul vəsaitinin azalması, xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda ev və digər daşınmaz əmlak almaq tempinin xeyli aşağı düşməsi prosesi gedir. Beynəlxalq qurumların hesablamalarına görə Rusiya pul köçürmələrindən ən asılı ölkə Tacikistan, ən az buna ehtiyac duyan ölkə isə Azərbaycandır. Həmin statistika müxtəlif mənbələrdə müxtəlif rəqəmlərlə ifadə olunduğundan, rəqəm gətirmək fikrində deyilik. Amma 21 fevral devalvasiyasından sonra Azərbaycan manatının məzənnəsinin dünya bazarında neftin qiymətinə, dolların qlobal miqyasda məzənnəsinin dəyişməsinə və bir də nə qədər acı olsa da, Rusiya iqtisadçılarının özlərinin belə etiraf etdikləri kimi, "taxta rubl"un məzənnəsinə həssaslığı artıb. Ona görə də hökumət "Forbes" jurnalının ekspertlərinin gəldiyi nəticələrə uyub, manata münasibətdə arxayınçılığa yol verməməlidir.
Manat barədə beynəlxalq ekspertlərin gəldikləri nəticələr reallığı nə qədər əks etdirsələr də, başqa bir reallıq da budur ki, manat-bazar münasibətlərinin prinsiplərndən uzaq bir üsulla- inzibatı yolla tənzimlənən və daha çox da məhz bu yolla uzun müddət onun nisbi sabitliyi təmin olunan sadəcə xammal valyutasıdır. Həm də manatın 21 fevral devalvasiyasından sonra yeni situasiya yaranıb. Bundan sonra neftin qiyməti yüksək olanda manatın da məzənnəsi qalxacaq, neftin qiyməti düşəndə isə manatın məzənnəsi də aşağı düşəcək. Ona görə də manatın nisbi sabitliyinin qorunub saxanılmasından ötrü zəruri olan qısa, orta və uzun müddətə səmərə verə bilən tədbirlər kompleksi hazırlayıb həyata keçirməlidir. Bu yol - inpavizasiyadan və imitasiyadan uzaq, real köklü islahatlar yoludur. Yalnız o halda manat təkcə iqtisadiyyatının bir hissəsi olan neftə yox, Azərbaycanın islahatlar nəticəsində reallaşan güclü potensilına bağlanacaq".