Erməni alim hakimiyyəti sərt tənqid etdi Dünya

Erməni alim hakimiyyəti sərt tənqid etdi

Artur Atanesyan :"Bizim ölkəmizin vahid siyasət sistemi yoxdur, ölkəni ayrı-ayrı qruplar idarə edirlər"

"İndiki şəraitdə görünən odur ki, "erməni soyqırımı"nın tanınması məsələsi mənasız məsələdir"

İrəvan Dövlət Universitetinin tətbiqi sosiologiya kafedrasının rəhbəri Artur Atanesyan Ermənistan hakimiyyətinin apardığı siyasəti sərt tənqid edib, "erməni soyqırımı" məsələsinin mənasız iş adlandırıb. O deyib ki, hakimiyyət və xalq arasındakı uçurum, etibarsızlıq atmosferi Ermənistan üçün ən ciddi problemə çevrilib.
O, İrəvanda keçirdiyi mətbuat konfransında "erməni soyqırımı" ilə bağlı bildirib ki, bumeranq effekti deyilən bir anlayış var, nə vaxt hər hansı konkret problem tez-tez müzakirə edilir, o zaman sonda zəhlətökən olur, səviyyəsizləşir, nəticəsi isə olmur. Qorxuludur ki, ermənilərin qondarma soyqırım məsələsi başımıza ömürlük bəla olsun, elə mübahisəli səviyyədə qalsın.
Onun sözlərinə görə, Ermənistan hələ bilmir və anlamır ki, o, Türkiyədən konkret nə tələb edir. Ancaq İrəvan əla anlayır ki, Ankara nə istəyir: "Biz bilmirik, biz nə istəyirik və Ermənistan dövlətini kim təmsil edir. Ziyalılar və ya miqrantlar, hamımız aeroportlarda qışqırırıq: "bu ölkə ölkə deyil."
Sosioloq vurğulayıb ki, hakimiyyət və xalq arasındakı uçurum, etibarsızlıq atmosferi Ermənistan Respublikasını ən ciddi fəlakətə sürükləyib: "İlk növbədə, özümüzə sual verməliyik ki, biz nə istəyirik. Bizim ölkəmizin vahid siyasət sistemi yoxdur, ölkəni ayrı-ayrı qruplar idarə edirlər. İndiki şəraitdə görünən odur ki, "erməni soyqırımı"nın tanınması məsələsi mənasız məsələdir. Bu, hakimiyyəti və ölkə ictimaiyyətini birləşdirəcək iş deyil. Belə birlik, təəssüf ki, yalnız böhran, son dərəcə çətin vəziyyət yaradır. Hakimiyyətin apardığı xalqdan uzaq siyasəti çox-çox qorxuncdur."
O deyib: "Ermənistan rəhbərliyində "erməni soyqırımı"nın tanınmamasından və ya tanınmasından sonra nə olacağı barədə dəqiq strategiya yoxdur. Biz sonra necə yaşayacağıq? Əminəm ki, hər bir erməni hər səhər özünə sual verir, "erməni soyqırımı" tanınacaq ya yox. Belə davranış kollektiv travmanın nəticəsidir. Təsəvvür edin ki, qonşunuz sizin ailənizin üzvünü incidir, amma siz onunla bir mərtəbədə yaşayırsınız. Siz nə edəcəksiniz? Siz ya mənzili dəyişəcəksiniz, ya da daim səfərbər olacaqsınız, ehtiyat tədbirləri görəcəksiniz."
A.Atanesyan yekunda bildirib ki, rəsmi İrəvan Ermənistanın Türkiyə kimi qonşu ilə yaşaması, yaxud ondan tam uzaqlaşaraq yalqız qalması barədə özü qərar qəbul etməlidir."
Təbii ki, əlavə şərhə ehtiyac yoxdur. Nəhayət ki, xalqının, millətinin gələcəyini düşünən, qonşu dövlətlərlə səmimi yaşamağın nə demək olduğunu anlayan bir erməni ziyalısı tapıldı. Artur Atanesyanın özünün də dediyi kimi, "erməni soyqırımı"nın nə qədər mənasız olduğunu, bu məsələni qabardanların Ermənistanın inkişafını yox, çöküşünə yol açdıqlarını hər kəs bilir. Həmin şəxslər hakimiyyətdə qalmaq üçün hər cür iyrənc vasitələrə əl atır, ölkənin gələcəyini düşünmürlər. Çıxış yolu isə belədir: "Qonşuya şər atmadan, kəc baxmadan yaşamaq."