Ərdoğan Obama ilə görüşəcək Dünya

Ərdoğan Obama ilə görüşəcək

ABŞ-ın Merilənd vilayətində Türk-Amerikan Mədəniyyət Mərkəzinin açılış mərasimində hər iki prezident bir araya gələcək

ABŞ prezidenti Barak Obama ABŞ-ın Merilənd vilayətində Türk-Amerikan Mədəniyyət Mərkəzinin açılış mərasimini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
O qeyd edib ki, Ərdoğan Obamayla telefon danışığında mərkəzin açılışını birgə etməyi təklif edib və Obama etiraz etməyib.
Nazir qeyd edib ki, Mərkəz ABŞ-da bütün müsəlmanların birgə ibadət edəcəyi yer kimi inşa edilib.
Müsəlmanların üz-üzə qaldığı problemlərin yalnız islamofobiya olmadığını ifadə edən Çavuşoğlu, müxtəlif lobbilərin Türkiyə və Müsəlman cəmiyyəti əleyhinə müxtəlif təbliğatlarda olduğuna işarə edib.
Çavuşoğlu, erməni diasporunun aktiv şəkildə Türkiyə və İslam əleyhinə iş apardığına diqqəti çəkərək, Türkiyə olaraq 1915-ci ildə ölən müsəlmanlarla yanaşı, ermənilərin də acılarını bölüşdüklərini, amma Papa Fransis daxil fərqli lider və parlamentlərdən gələn açıqlamalara nəzər saldıqda müsəlman ilə müsəlman olmayanlar arasında ayrı-seçkilik keçirildiyinin görüldüyünü qeyd edib.
Çavuşoğlu, "Biz bunu qəbul edə bilmərik. Erməni diasporu və havadarları ABŞ-da da çox aktivdirlər. Ancaq səfirimiz (Sərdar Kılıç) mənə sizlərin bizi dəstəklədiyini dedi ki, bu dəstək üçün də sizə təşəkkür edirəm" - deyib.
Çavuşoğlu, müsəlman cəmiyyətini, Türk-Amerika qeyri-hökumət təşkilatları tərəfindən paytaxt Vaşinqtonda 24 apreldə keçiriləcək "Sülh və Həmrəylik Yürüşü"nə dəvət edib.