Rusiya ABŞ-ı hiddətləndirib Dünya

Rusiya ABŞ-ı hiddətləndirib

Barak Obama: "İranın S-300 sistemlərini dəf edə bilərik"

Sergey Lavrov: "Rusiya ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırdır"

Cavid

Rusiya prezidenti Vladimir Putinin İrana S-300 zenit-raket komplekslərini ixrac edilməsini qadağan edən məhdudiyyəti aradan qaldırmaq barədə gösrərişi ABŞ-ı narahat edib. ABŞ Dövləti Departamentinin rəsmi nümayəndəsi Meri Harf bəyan edib ki, ABŞ Rusiyanın İrana S-300 zenit-raket komplekslərini ixrac etməsinə dair qəbul etdiyi qərardan narahatdır.
"Biz çoxdan öz narahatçılığımızı ifadə etmişik. Biz bu addımı qeyri-konstruktiv hesab edirik.
ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bu məsələni müzakirə edib", - deyə o, bildirib.
Harf qeyd edib ki, ABŞ Rusiyanın İrana S-300 raket komplekslərinin ixrac olunmasına dair verdiyi qərarı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiyalarının pozulması hesab etmir.
"Bu ixrac və İranın nüvə proqramı tam fərqli məsələlərdir. Bu saziş İran və "altılıq" ölkələri arasında keçirilən nüvə danışıqlarına əngəl törətməyəcək", - deyə o, vurğulayıb.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, Rusiyanın bu addımı deyəsən, ABŞ-ı əməlli-başlı qəzəbləndirib. Rəsmi Moskvanın bu məsələdə mövqeyi gündəmə gəldiyi gündən Vaşinqton, az qala hər gün müxtəlif siyasi addımlarla Rusiyanı hədələyir. RİA "Novosti" agentliyi xəbər verir ki, əgər Moskva orta və aşağı mənzilli raketlərin ləğv edilməsi haqqında sazişi "pozmaqda" davam edərsə Vaşınqton cavab tədbirləri görəcək.
ABŞ-ın dövlət katibinin köməkçisi Frenk Rouz Kolorada-Sprinqsdə keçirilən nüvə silahı və beynəlxalq təhlükəsizlik üzrə konfransda bu bəyanatla çıxış edib. O bəyanatında həmçinin qeyd edib ki, "Biz Rusiyaya və öz müttəfiqlərimizə aydın şəkildə bəyan etdik ki, bizim səbrimizin də həddi var. Əgər Rusiya sazişi pozmaqda davam etsə və bizim narahatlığımızı cavabsız qoysa, biz özümüzü və müttəfiqlərimizi qorumaq üçün müvafiq addımlar atacağıq." Onun sözlərinə görə, ABŞ qarşısına Rusiyanı demonlaşdırmaq məqsədi qoymayıb, yalnız sazişi qoruyub saxlamaq istəyir. Qəribədir ki, bir müddət əvvəl Rusiya XİN orta və aşağı mənzilli raketlərin ləğv edilməsi haqqında sazişə ABŞ-ın əməl etmədiyi barədə iddialarını bəyan etmişdi.
ABŞ prezidenti Barak Obama da öz növbəsində Rusiyanın İrana S-300 PMU "Favorit" zenit-raket komplekslərinin satışına qoyulan embarqonu qaldırmasını ilk dəfə geniş şərh edib.
ABŞ prezidenti MSNBC telekanalına müsahibəsində deyib ki, İranın Ruiya zenit-raket komplekslərini əldə etməsi Vaşinqton üçün maneə yaratmayacaq və əgər lazım gəlsə bu sistemləri dəf edə biləcəklər.
Rusiya bir neçə gün əvvəl İrana 5 diviziyon (40 buraxılış qurğusu) S-300 raketlərinin satılmasına dair 2007-ci ildə bağlanmış müqavilənin yerinə yetirilməsinə qoyulan qadağanı götürüb. Bu müqavilə İrana qarşı beynəlxalq sanksiyalara görə dayandırılmışdı. Prezident Vladimir Putin qadağanı İranla "altılar" qrupu arasında Lozannada əldə edilmiş nüvə razılaşmasından bir neçə gün sonra götürüb. Bu da İranın mövqelərini gücləndirməyə yönəlmiş addım kimi ABŞ-ın narahatlığına səbəb olub. Belə ki, S-300 kompleksləri İrana nüvə obyektlərini ABŞ və İsrailin mümkün hava zərbələrindən müdafiə etməyə imkan verərdi. Lakin Barak Obama bildirib ki, Pentaqonun imkanları bu sistemləri dəf etməyə imkan verir. "Raketlərin İrana satılması 6 il təxirə salınıb. Biz bu məsələ barədə narahatlığımızı və etirazımızı bildirmişik, xüsusən də əvvəlki kimi İranla danışıqlar apardığımız bir vaxtda bu qərarın verilməsi bizi narahat edir. Ancaq bizim müdafiə büdcəmiz 600 milyard dollara yaxındır, İranın büdcəsi 17 milyard dollardan bir az çoxdur. Hətta onlar bir neçə zenit-raket kompleksləri əldə etsələr də lazım gəlsə biz onların öhdəsindən gələ biləcəyik"-Obama bildirib.
Obamanın bəyanatına rəsmi Moskvanın reaksiya gecikməyib. Rusiya xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində deyib ki, Vaşinqton Rusiyaya təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmlərinin qurulması ilə bağlı siqnal göndərir və rəsmi təklif olsa, Moskva bununla razılaşacaq.
"ABŞ-la problemə gəldikdə isə, bu problemləri danışıqlar vasitəsi ilə həll etmək lazımdır. Amerikalılar boş yerə bizə müxtəlif kanallar vasitəsi ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması üçün rəsmi və qeyri-rəsmi siqnallar göndərmirlər. Biz ki, bu mexanizmləri dağıtmamışıq. Əgər onlar bu mexanizmlərin qurulmasında maraqlıdırlarsa, onda rəsmən təklif etsinlər. Yəqin ki, biz də razılaşarıq", - deyə Rusiya XİN başçısı bildirib.
Bununla belə Lavrov deyib ki, Rusiya üçün yeganə təhlükə ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemidir.
O, Çin tərəfindən Rusiya üçün heç bir təhlükə görmədiyini söyləyib: "Ümumiyyətlə Şərqdən heç bir təhlükə görmürəm. Bircə təhlükə mövcuddur, bu da ABŞ-ın hava hücumundan müdafiə sistemidir. Bu sistem ABŞ, Avropa və Şimal-Şərqi Asiya ərazisində yaradılır. Bu sistem Rusiya sərhədlərinin perimetrini möcüzəvi şəkildə əhatə edir".
Rusiya XİN başçısı Çin-Rusiya tərəfdaşlığının strateji xarakter daşıdığını da qeyd edib: "Bu tərəfdaşlıq beynəlxalq münasibətlərdə ən azından hansısa sabitliyə vacib töhfə verir".