ABŞ Suriyaya qarşı sanksiyaların vaxtını uzatdı Dünya

ABŞ Suriyaya qarşı sanksiyaların vaxtını uzatdı

Əsədi dəstəkləyən "Hizbullah"a hücum hazırlanır

Cavid

Suriyanın şimal bölgələrində daha böyük əraziləri ələ keçirən üsyançılar və onların müttəfiqləri prezident Bəşər Əsədi dəstəkləyən Livanın "Hizbullah" döyüşçülərinə qarşı yeni hücumlara hazırlaşır. Üsyançılar Qalamunda yeni müttəfiqliyin qurulacağını elan edib.
Ötən il Suriya qüvvələri "Hizbullah" döyüşçüləri ilə birlikdə paytaxt Dəməşq yaxınlığındakı Qalamun bölgəsindən müxalif döyüşçüləri çıxarmışdı. Hücumlar Qusair şəhərində qızğın döyüşlərə yol açmışdı. İndi isə müxalif döyüşçülər Əsəd qüvvələrinin nəzarətində olan bu şəhərdə itkiləri, ötən ay koalisiyasının İdlib və Əl-Şuqor şəhərlərini ələ keçirdiyi şimal bölgələrdə mövcudluğunu bərpa etməyə çalışır.
Suriyanın rəqib döyüşçüləri və "Hizbullah" son zamanlar şəhərə hücumla bağlı onlayn təbiğatını gücləndirib. Keçən həftə sonu "Əl-Nüsrə" döyüşçülərinin tankvuran silahlarla təlimlər keçdiyini nümayiş etdirən fotolar yayımlamışdı. Suriyanın rəqib qüvvələrinin komandirləri "Amerikanın səsi"nə bildirib ki, həmin silahlar "Əl-Nüsrə" tərəfindən ələ keçirilən silah cəbbəxanasından götürülüb.
ABŞ Dövlət Departamentinin rəsmisi "Əl-Nüsrə"nin "Əl-Qaidə" ilə əlaqəsi olduğu üçün terror təşkilatı siyahısına salındığını bildirib. "Hizbullah" və Suriya hökuməti bildirib ki, Dora və Qunetrada olan İŞİD-in "Əl-Nüsrə"yə qarşı hücumlarından bəhrələnə bilərlər.
Livanın "Əs-Səfir" qəzetinin yazdığına görə, Əl-Nüsrənin komandirləri İŞİD-in bu iki vilayətdə hücuma keçməsinin Qalamun uğrunda döyüşləri səngidə biləcəyini etiraf edib.
ABŞ prezidenti Barak Obama isə Suriyaya qarşı məhdudlaşdırıcı tədbirləri vaxtını bir daha uzadıb. "İnterfaks" xəbər verir ki, Obamanın qərarı barədə Ağ Evdən məlumat yayıblar.
"Suriya rejiminin fəaliyyəti ABŞ xarici siyasəti və iqtisadiyyatına fövqəladə təhdid yaratmağa davam edir. Bu səbəbdən, mən təhdidlə əlaqədar sanksiya rejiminin davam etməsinin vacibliyini saxlamaq qərarı alıram"- deyə Barak Obamanın nümayəndələr palatasının spikeri Con Baynerə göndərilən məktubda bildirilir.
Qeyd edək ki, məktub Ağ evin rəsmi saytında dərc edilib.Türkiyənin Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili Gürsel Tekinin isə "Taraf" qəzetinə verdiyi açıqlamalar gündəmdə səs-küy effekti yaradıb. O, Türiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyasının (AKP) təhlükəli bir oyun içərisində olduğunu deyib.
"Bu məlumat çox dəqiq mənbələrdən əldə olunub; Hansı ki, eyni mənbə bundan əvvəl Süleyman Şah türbəsində əsgərlərimizin İŞİD insafına buraxılaraq tərk edildiyini yaymışdı. Türkiyə bu gün-sabah hərbi əməliyyatlar keçirərək Suriyaya girəcək", – deyə G.Tekin bildirib. Xatırladaq ki, artıq İsveçrənin Çenevrə şəhərində Suriyadakı daxili müharibənin həlli ilə bağlı müazkirələr başlayıb.
BMT-nin Suriya üzrə xüsussi nümayəndəsi Steffan de Misturanın keçirdiyi müzakirələrdə İran da iştirak edir. Dünyanın lider dövlətlərinin iştirak etdiyi danışıqlar 5-6 həftə davam edəcək. Danışıqlarda Suriyanın Müxalif və İnqilabi Milli Koalisiyasının rəhbərləri də iştirak edir.
Bu cür müzakirələr Cenevredə 2012-ci ildə də keçirilmişdi. Birinci Cenevrə danışıqlarından sonra müharibənin sona çatdırılması, keçid hakimiyyətinin qurulması ilə bağlı çağırışlar edilmişdi. Ancaq həmin müzakirələrin bir nəticəsi olmamışdı.
O zaman Bəşər Əsədi müdafiə edən İran 2012 və 2014-cü il danışıqlarında iştirak etməmişdi. Lakin bu dəfə İranın müzakirələrdə iştirak etməsi ilə böhranın həllində dönüş olacağı gözlənilir.
Qeyd edək ki, Suriyada 4 ildən artıqdır daxili müharibə gedir. Bu müharibədə 220 mindən çox adam həlak olub, 7,6 milyon adam evindən didərgin düşüb.