Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

06.12.16, 7:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

14-cü yazı

Xəlil sultan öldürüldükdən sonra Şiraza hakim Zülqədərin Çiçəkli obasından qorçubaşı İzzəddin Zülqədər təyin edilir, ancaq çox keçmir ki, o da öldürülür və Şiraz hökuməti Əli bəy Zülqədərə verilir. O da tayfanın Çiçəkli obasından idi. 1524-1525-ci illərdə Div sultan Rumlunun dəvəti ilə Əli bəy Zülqədər də paytaxta gəlmiş və ölkə daxilində əmirlərin çəkişməsinə qarışmışdı. O, 1525-ci ildə vəfat edir və Şiraza hakim qardaşı oğlu Murad sultan təyin edilir. Ancaq çox keçmədi ki, Şiraz hakimliyi Zülqədər elinin Camuslu obasından Həmzə sultan Zülqədərə tapşırıldı. H. 939 (1532-1533)-cu ildə Həmzə sultan tutduğu vəzifədən azad edilir və Şiraza hakim Xəlil sultanın qardaşı Qazi xan göndərilir.
1534-cü ilin payızında Azərbaycanda bərk qar və dolu yağdığına, havalar soyuduğuna görə Osmanlı ordusu qışlamaq üçün Bağdada çəkilərkən Kuhgiluyədə hakim Əlvənd xan Əfşar idi. O, bu zaman min nəfərlik hərbi dəstəsi ilə gəlib Şahın ordusuna birləşir. Ancaq Əlvənd çox keçmir ki, itaətsizliyə yol verir və Şahın göstərişi ilə xəbərdarlıq edilmədən ələ keçirilib öldürüldü. Kuhgiluyəyə hakim Mənsur bəy Əfşarın nəvəsi Həsən sultanın oğlu Məhəmməd bəy Əfşar göndərildi və ona Şahruh xan ayaması verildi.
H. 946 (1540)-cı ildə Qazi xan Təkəli vəfat edir və Şiraza hakim Zülqədər elinin Hacılar obasından Keçəl bəyin oğlu İbrahim xan təyin edilir. O, 1555-ci ildə Şirazdan Astrabada göndərilmiş və 1557-ci ildə özbəklərə qarşı savaşda öldürülmüşdü. İbrahim xandan sonra Şiraz hakimi Tatı oğlu Əli sultan Zülqədər oldu.
II Şah İsmayılın dövründə onun oğlu Şahşücanın atabəyi Zülqədər Qalxançı oğlu Vəli xan Şiraz əyalətində hakim idi. Bu zaman Əfşarların böyük əmirlərindən Xəlil xan hakim olduğu Kuhgiluyədə deyil, mərkəzdə otururdu. Sultan Məhəmməd Xudabəndə hakimiyyətə keçdikdən sonra Şahruh bəy Tatı oğlu Zülqədərə xan rütbəsi verib, Şiraza vali təyin edir. Sultan Məhəmməd Xudabəndənin hakimiyyətinin ilk ilində İsgəndər bəy Münşinin yazdığına görə Fars məmləkəti Zülqədər əmirləri arasında yenidən bölünüb, onların hər birinə burada ulkalar verilir. Ancaq Kuhgiluyə vilayətinə Əfşarlardan Xəlil xan hakim təyin edilir. Məhəmməd Yusif Qəzvini yazır ki, özünü İsmayıl Mirzə adlandırmış bir nəfər yalançı qələndərin başçılığı altında 1580-ci ildə qiyam baş verən zaman Fars bəylərbəyi Əli xan Zülqədər idi. O, bu yalançı qələndərdən ehtiyat edərək üməra-ye tabinləri və Kirman hakimi Vəli xan Əfşarla birlikdə Azərbaycana gəlir. Əli xan Zülqədər Şahın göstərişi ilə 1581-ci ildə geri qayıtmalı Fars və Xorasandakı iğtişaşların qarşısının alınması üçün göndərilmiş Qızılbaş ordusuna birləşməli idi. Ancaq bəhanələrlə əmri yerinə yetirmədi. Şah Zülqədər elindən Əli xan Zülqədərə tabe olan əmirlərin rütbə və titullarını ləğv edib, Ümmət bəy Zülqədərə xan titulu verib Farsa əmir əl-üməra təyin etdi. Zülqədər elindən bir çox bəylər yüksək titul və rütbələrlə təltif edilib, Ümmət xanla Farsa göndərilir.
1580-ci ildə Kuhgiluyədə Lurlar arasında özünü II İsmayıl adlandıran qələndərin başçılığı altında mərkəzdənqaçma hərəkatına qarşı müharibədə Xəlil xanın oğlu Rustəm xan, sonrakı savaşlarda Xəlil xan özü də öldürüldü. Xəlil xanın yerinə Kuhgiluyəyə digər oğlu Mahmud xan hakim göndərilmiş və yalançı İsmayılla savaşda o da qətlə yetirilmişdi. Şah Kuhkiluyədə Əfşarlardan yeni ordu yaradıb, yalançı İsmayıl hərəkatına son qoymağı Xəlil xanın Şüştər hakimi olan oğlu Əli sultana tapşırır. Ancaq Əli sultan da vilayətə daxil olan kimi Seyid Mübarək tərəfindən öldürülür. Sultan Məhəmmədin fərmanı ilə Kuhgiluyəyə yenə də Əfşarlardan Xəlil xanın qardaşı oğlu İsgəndər xan hakim təyin edilir. Bu zaman Fars bəylərbəyi isə Zülqədər Ümmət xan idi.
Sultan Məhəmmədin hakimiyyətinin son illərində mərkəzi hakimiyyət daha da zəifləmiş, Kuhgiluyədə yalançı İsmayıla qarşı döyüşlərdə Əfşarlar pərişan olmuşdular. Əfşar Xəlil xanın oğlu Şahqulu bu vəziyyətdən istifadə edib Əfşarları ətrafına toplayır, əmisi oğlu İsgəndər xanı məğlub edib Kuhgiluyədə hakimiyyəti ələ alır. Bu zaman onun yaxın qohumu Əbdüllətif bəyin oğlu Həsən bəy Əfşar da Kuhgiluyə hakimi olmaq istəyirdi. Onların arasındakı qarşıdurmada Həsən bəy Şahqulu xanı məğlub edərək öldürdü və o, bu qələbədən sonra I Şah Abbasın fərmanı ilə xan titulu alıb, Kihquliyədə 1595-ci ilə qədər hakim oldu.
F.Sümərin yazdığına görə, II Şah İsmayıl və Sultan Məhəmməd dövründə Kuhgiluyədən başlayaraq İsfahan, Kirmandan Heratın güneyindəki Fərah və Əsfərayinə qədər geniş bir ərazidə Əfşarlar məskun olub, onların yaşadıqları geniş bir arealda kifayət qədər ulkaları vardı. Şah Abbasın hakimiyyətinin 8-ci ili Həsən xan öldürüldü və Fars əyalətinin Kuhgiluyə vilayəti Kazerun hakimi Əmir xan Əfşara verildi. Kazerun ulkasına isə Əfşarın Alplı obasından olan İsmayıl xan təyin edilir. Şah Abbasın hakimiyyətinin 10-cu ilində Əfşarın Ərəşli və Gündüzlü obaları ona qarşı çıxıb Xəlil xanın nəvələrindən Əbülfəthi xan elan edib hakimiyyətə gətirərək, əslində dövlətə qarşı çıxdılar. Kuhgiluyə də Fars hakimi Allahverdi xana verilir. Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadinin əsərində 1632-ci ildə Nəqdi xan Şamlının Kuhgiluyə hakimi olduğunu yazır. O, 1638-ci ildə Bağdad savaşında Osmanlılar tərəfindən əsir götürülüb İstanbula göndərilmiş və bu vilayətə oğlu Zeynal xan bəylərbəyi təyin olunmuşdu.
H.1054 (m.1644)-cü ildə baş vəzir Sarı Tağı ayamalı Mirzə Məhəmməd Tağının oldürülməsində iştirak edən sabiq Kuhgiluyə hakimi Nağdi xan Şamlının oğlu Mehdiqulu bəy bu zaman atasının əvəzinə həmin vilayətin bəylərbəyi idi. O, baş vəzirə qarşı təşkil edilmiş qəsddən xəbərdar olub bu barədə vaxtında məlumat vermədiyinə görə həbs edilmiş Kuhgiluyəyə bəylərbəyi qullarağası Siyavuş bəy göndərilmişdi. O, h.1059 (m.1649)-cu ildə vəfat edir, qullarağası vəzifəsi və Kuhgiluyə hökuməti Allahverdi xan mirşikərbaşıya tapşırılır. Azərbaycan bəylərbəyi və sipəhsalar Əliqulu xan həbs edildikdən sonra (m.1655) sipəhsalar hərbi vəzifəsi də ona verilir. H.1054 (m.1644)-cü ildə Fars-Kuhgiluyənin Durux mahalının hakimi Mehdiqulu sultan, onun canişini isə Xəndanqulu sultan idi. Mehdiqulu sultandan sonra bu mahalda hakim olmuş Şahverdi sultan işində nöqsanlara yol verdiyinə görə h. 1065 (m.1655)-ci ildə vəzifəsindən azad edilmişdi. Mahala Bəndər Abbas hakimi Pirbudaq xan Pornak göndərilmişdi. H.1074 (m.1663)-cü ildə isə Duruxda hakim Gədalı bəy Qacar idi. Elə həmin ildə onun yerinə Duruğa hakim Kuhgiluyə bəylərbəyi Zaman bəy göndərilir. O, Mənuçöhr xanın qohumu idi. Ancaq o da elə həmin il vəfat etmiş və bura hakim Novruz bəy təyin edilmişdi. Sultan Məhəmmədin hakimiyyətinin son illərində Farsda Zülqədər əmirləri iki qrupa bölünmüş və onların arasında çəkişmə başlanmışdı. Mənbələrdən əldə edilən məlumat təhlil edildikdə məlum olur ki, Farsda Qızılbaş əmirləri arasında baş vermiş bu çəkişmədə vaxtı ilə baş vəzir olmuş Mirzə Salmanın oğlu Mirzə Abdullanın da əli olmuşdu. Bu zaman Fars bəylərbəyi Zülqədər elinin Şadıbəyli obasından Əli xan idi. Ona qarşı çıxan əmirlərə yenə də Zülqədər elinin Şadıbəyli obasından olan Mehdiqulu bəy başçılıq edirdi. Ara savaşlarında bəylərbəyi Əli xan Zülqədər öldürüldü. Vəzir Mirzə Məhəmməd tərəfindən Şiraz hakimliyinə Şahqulu xəlifə Zülqədər və Əli xan Zülqədərin oğlu Təhmasibqulu sultanın namizədliyi irəli sürülsə də, onlardan heç biri Şirazda Zülqədər əmirləri arasındakı hadisədən ehtiyat edib, Farsa getməmişdi. Bu zaman Məşhədi tutub faktiki olaraq mərkəzə tabe olmayan Mürşüdqulu xan Ustaclı və onun yanındakı Mirzə Abdulla tərəfindən Mehdiqulu xan Zülqədərin adına Fars hakimi olması barədə fərman göndərilir. I Şah Abbas hakimiyyətə keçdikdə Şiraz əyalətin hakimi Mehdiqulu xan Zülqədər idi. Fəqət o, Abbas Mirzə və Mürşüdqulu xana qarşı birləşən əmirlərdən olduğu üçün onu Zülqədər elinin Hacılar obasından olan Yaqub bəyə öldürtmüşdülər. Yaqub bəyin atası İbrahim xan vaxtilə Şiraz hakimi olmuşdu. Yaqub bəy isə hələ 1586-cı ildə Xorasana getmiş Abbas Mirzənin mülazimi olmuşdu. Abbas Mirzə hakimiyyətə keçdikdən sonra onu Şiraza əmir əl-üməra təyin edib, Mehdiqulu xanın bütün sürsat və əmlakını da ona vermişdi. İsgəndər bəy Münşinin yazdığına görə o, 1589-cu ildə xan titulu da almış, bütün Fars əyalətinin əmir əl-ümərası idi. Ancaq müvazinətsiz bir şəxsiyyət olub, Şahın əmirlərini dinləmədiyinə görə tutduğu vəzifədən kənar edilməsi qərara alınmışdı.
Bu zaman Yaqub xanla Zülqədər tayfa ağsaqqalları arasında narazılıq olduğu üçün ağsaqqallar onun hakimiyyətinə tabe olmurdular. Nəticədə 1592-ci ildə Yaqub xan tutduğu vəzifədən kənar edildi. Yəzd, Kirmana özbaşına hərbi yürüşlər edib, əslində mərkəzlə hesablaşmayan Yaqub xan ortadan götürüldükdən sonra Şiraza hakim və Farsa əmir ül-üməra Zülqədərin yüzbaşı silkindən Bünyad xan təyin edilir. Zülqədər tayfası uzun illər idi ki, Farsda məskun olub bu vilayətə onların əmirləri hakimlik edirdi. Ancaq I Şah Abbas hakimiyyətinin 6-cı ilində özbəklərlə savaşarkən onlar az əsgər gətirdiklərinə görə cəzalandırıldılar. Fars ölkəsi Bünyad xan və digər Zülqədər əmirlərindən alındı və Şiraza hakim Hüseyn xan Qacarın namizədliyi irəli sürüldü. Elə həmin il o, Şiraz hakimi oldu. Ancaq Zülqədər əmirləri ölkənin qorunması və idarə edilməsində üzərlərinə böyük öhdəlik götürdüklərinə görə növbəti il Şiraz hakimliyi və Farsda ulkaları yenə özlərinə qaytarılır.
I Şah Abbas Avropa dövlətləri arasındakı çəkişmədən bacarıqla istifadə edib Hörmüz və Kişi portəgizlərdən geri almağa (1622) müvəffəq oldu. Hadisələrin sonrakı gedişindən də görünür ki, o bu siyasətini davam etdirib İran körfəzi və onun sərhəd məntəqələrində Səfəvi imperiyasının mövqeyini möhkəmləndirib, Orta Şərqdə onun hərbi-siyasi güc sahibi olduğunu təsdiq edir. Ancaq onu da qeyd etmək lazımdır ki, körfəzin adaları və sərhəd məntəqələrində Xorasanda olduğu kimi güclü yerli dayaqlar yaratmadan, xüsusilə Bəndər Abbas və Hörmüzə inanılmış, bacarıqlı əmirlərdən hakim təyin etmədən əldə edilmiş uğurların itirilməsi qorxusu vardı. Bu səbəblə əlaqədar olaraq, 1638-ci ildə İmamqulu xan aradan götürülüb və Farsda Zülqədərlər yenidən hakimiyyətə gətirilir, ulkaları özlərinə qaytarılır. Hörmüzə isə Səfiqulu bəy və Polad xan hakim göndərilir. Onlar təsadüf nəticəsində öldürüldükdə qorçubaş Əmir xan Söklənin qardaşı Qara xan ora hakim göndərilir, 1640-cı ildə isə Bəndər Abbas və Hörmüzə qorçubaşı Əmir xan Söklənin oğlu Ümmət bəy hakim təyin edilir.
I Şah Abbasın dövründə Zülqədərin Kavurqalı, Söklən, Şəmsəddinli, Eymur, Hacılar adlı obalarının Sərəxs, Kirman, Qarabağ və Astrabada köçürülməsi onların əmirlərinə bu vilayətlərdə, mahallarda vəzifə, ulka verilməsi ilə bağlı olub, bunu Zülqədər elinə vurulan zərbə kimi qəbul etmək doğru olmazdı. Əksinə, I Şah Abbas ellərin, obaların əmirlərinin yerlərini dəyişməklə vilayət və mahallarda bir nəsil üçün hakimiyyətin irsi imtiyaza çevrilməsinin, mərkəzdən qaçma hallarının, separatizmin qarşısını almış, dövlət hakimiyyətini və onun yerli dayaqlarını möhkəmləndirmişdi. I Şah Abbasın hakimiyyətinin son illərində, I Şah Səfi dövründə Şəmsəddinli obalarından birinin Axıskada sakin olduğunu, bu obanın əmirlərindən Səlim xan və oğlu İsmayıl xanın Axıskaya hakim təyin edildiklərini görürük. I Şah Abbasın dövründə Əfşar elinin Gündüzlü obasının da bir bölüyü Kühgiluyə və Xuzistanda məskun idi. Sonralar onların bir qismi Xorasanın Abiverd mahalına, bir qismi də Urmiya bölgəsinə köçürülmüşdü.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -