Tərlan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Qəbələ və Oğuz rayonları üzrə 18 saylı, Ağdaş, Ucar və Zərdab rayonları üzrə 36 saylı Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir standartlara cavab verən yeni binaları istifadəyə verilib. Tədbirdə çıxış edən ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov ötən ilin ortalarından TSEK-lərin maddi-texniki bazasının gücləndirilməsi işlərinə başlanılıdığını, artıq 38 region üzrə TSEK-lərin 31-nin müasir iş şəraitinə malik olduqlarını vurğulayıb. "İlin sonuna kimi digər Komissiyalar da yeni iş şəraiti, ekspertiza cihazları, müasir avadanlıqlarla təmin ediləcəklər"- deyən İ.Qurbanov tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin gücləndirilməsi yönündə aparılan işlərə də toxunub: "Ölkəmizdə əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəriciləri yüksəlib, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sistemi yaradılıb və bu sistem vasitəsilə əlilliyə dair məlumatların aidiyyəti qurumlar arasında elektron qaydada mübadiləsi təmin edilib. Hazırda həyata keçirilən islahat tədbirləri əlilliyin təyinində məmur-vətəndaş münasibətlərinin daha da azalması ilə nəticələnəcək".
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev isə bildirib ki, son dövrlər tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılması istiqamətində görülən işlər bu sahə ilə bağlı şikayətlərin kəskin azalmasına, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərilməsinə, əlillik müayinələrinin normal şəkildə aparılmasına şərait yaradıb: "Azərbaycan Prezidentinin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" 14 sentyabr 2015-ci il tarixli Fərmanı bu sahə ilə bağlı mühüm islahatların növbəti mərhələsinin başlanğıcıdır. Fərmanın uğurla icrası həm müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, həm də tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə gətirib çıxaracaq".
Daha sonra hər iki TSEK-in əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitə baxış olub. Komissiyalara əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsiplərinə uyğun təşkil olunması, əlilliyi olan şəxslərin reabilitasiyasında nazirliyin bərpa-müalicə mərkəzləri ilə fəaliyyətin səmərəli qurulması və s. barədə müvafiq tapşırıqlar verilib.