Mingəçevirdə narkotik alveri ilə məşğul olan 11 nəfər saxlanılıb Hadisə

Mingəçevirdə narkotik alveri ilə məşğul olan 11 nəfər saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin satışı, eləcə də daşınması ilə məşğul olan, içərilərində qadının da olduğu 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib.Onlardan müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı şəhər sakinləri-Tural Mahmudov, Elxan Hacıyev, Zakir Qarayev, Rövşən Azayev, Zaur Qasımov, Azər Əliyev, Səkinə Allahverdiyeva, Abbasəli Qasımzadə, Faiq Qasımov, Həbib Bağırov və Sübhan Abdullayev saxlanılıblar. Onların üzərindən, eləcə də yaşadıqları ünvanlardan metamfetamin, heroin, tiryək və ümumilikdə 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır. Mingəçevir şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.