Dekabrın 1-dən başlayaraq Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar davam etdirilir.
Keçirilən xüsusi əməliyyat zamanı bir nəfər polisə müqavimət göstərərkən yaralanıb.
Nardaran sakini Əbülfəz Hacıbalaoğlu polisə daş atıb. Polis məcburiyyət qarşısında qalaraq, müqavimət göstərən şəxsi ayağından yaralayıb. Müqavimət göstərən şəxs həbs edilib.
Qeyd edək ki, ötən gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.