Putin Əsədə niyə zəng etdi? Hadisə

Putin Əsədə niyə zəng etdi?

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasındakı telefon danışığının bəzi detalları məlum olub.
"RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki böhranla əlaqədar mövqeyinə görə həmkarına təşəkkür edib.
Suriya lideri ayrı-ayrı ölkələrin təzyiqlərinə baxmayaraq, Rusiyanın beynəlxalq hüquqa riayət etdiyini və dövlət müstəqilliyinə hörmət göstərdiyini bildirib.
Suriyanın SANA agentliyinin məlumatına görə, telefon söhbətinin gedişatında prezidentlər Suriyada terrorizmlə mübarizə üzrə son hadisələri və böhranın nizama salması üzrə beynəlxalq siyasi səyləri müzakirə ediblər. Telefon söhbətinin Rusiya prezidentinin təşəbbüsü ilə olduğunu bildirib.
Danışıq prosesində liderlər "humanitar pauza"nın kontekstində Hələb ətrafındakı vəziyyəti, ümumilikdə Suriyada vəziyyətin inkişafını müzakirə ediblər.
Agentliyin xəbərinə görə, Putin Suriyadakı vəziyyət barədə Kremlin mövqeyinin qəti olduğunu və Rusiyanın terrorizmlə mübarizəni davam etdirəcəyini bildirib.
Əsəd də həmçinin bildirib ki, terrorizmlə mübarizəyə davam edəcək və milli barışığın əldə edilməsi üçün səylərini davam etdirəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bildirib ki, söhbət zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub.
Telefon danışığı Berlində keçirilən Ukrayna üzrə "Normandiya dördlüyü"nün görüşündən əvvəl baş tutub. "Normandiya dördlüyü"nün toplantısında da Vladimir Putin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla Suriyadakı vəziyyəti müzakirə ediblər.