UNESCO-nun təhsil ekspertləri Azərbaycan Dövlət Pedaqoji Universitetində Hadisə

UNESCO-nun təhsil ekspertləri Azərbaycan Dövlət Pedaqoji Universitetində

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov UNESCO-nun təhsil ekspertləri ilə görüşüb. Universitetdən bildiriblər ki, görüşdə C.Cəfərov təhsil sahəsində Azərbaycanda, o cümlədən ADPU-da həyata keçirilən islahatlar, əməkdaşların müasir təhsilə baxışları, yeniliklərin tətbiqi və Avropa təhsilinə inteqrasiya mexanizmləri barədə danışıb. Təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsinin vacibliyini xüsusi vurğulayan rektor UNESCO-nun təhsilin inkişafı istiqamətində fəalliyyətini yüksək dəyərləndirib.
Görüşdə ADPU-da ali təhsilin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrin universitetdə təhsil müddəti və təhsildənsonrakı dövrdə qarşılaşdıqları problemlər, tələbə mübadiləsi proqramlarının işlənib hazırlanması, müəllim hazırlığında müasir yanaşmalar, kurikulumlar və ali məktəb standartlarının tətbiqi ilə bağlı suallar cavablandırılıb. Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə universitetin TEMPUS, Erasmus proqramlarına qoşulduğu və yeni layihələrin həyata keçiriləcəyi barədə məlumat verib.
UNESCO-nun təhsil ekspertləri görüşün keçirilməsindən məmnunluqlarını ifadə edib, universitetin kollektivinə uğurlar arzulayıblar. Təhsil ekspertləri ali məktəb kurikulumu çərçivə sənədinin işlənib hazırlanmasını, müasir idarəetmə mexanizmlərinin öyrənilməsini və tələbələrin Bolonya prosesinə qoşulmasında müasir texnologiyaların tətbiq olunmasını təklif ediblər. Onlar, həmçinin müəllim hazırlığında yeni yanaşmalar, ixtisasdəyişmə, ixtisasartırma və təkrar ali təhsil almaq haqqında yeni strategiyaların öyrənilməsi, UNESCO-ya üzv olan ölkələrlə sosial şəbəkə yaratmaq və bu şəbəkə vasitəsilə səmərəli diskussiyalara qoşulmağı tövsiyə ediblər.