BAM-a uğurlu rəhbərliyinə görə Heydər Əliyevə minnətdarıq - Veteran Hadisə

BAM-a uğurlu rəhbərliyinə görə Heydər Əliyevə minnətdarıq - Veteran

Baykal-Amur Magistralına uğurlu rəhbərliyinə görə Heydər Əliyevə minnətdarıq.

Trend xəbər verir ki, bu barədə 1974-1983-cü illərdə BAM-ın tikintisində Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin keçmiş qərargah rəisi olmuş Yuri Verbitski Kremldə jurnalistlərə deyib.

"Hər şey möhtəşəm həyata keçirildi. Azərbaycanlılar BAM-da daimi stansiyanı uğurla tamamladıqdan və daimi qəsəbə tikdikdən sonra daha bir stansiyanın - Anqoya stansiyasının tikintisinə başladılar. Stansiyanın vağzalı Heydər Əliyevin şərəfinə adlandırılıb. BAM-ın tikintisində töhfəsinə görə ona minnətdarıq. Hesab edirəm ki, o SSRİ rəhbərliyində qalsa idi, Sovet İttifaqı indiyə qədər çiçəklənərdi", - deyə veteran bildirib.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir. Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralın tikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaq qərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüş nöqtəsi oldu.