Sosial şəbəkələrdə nifrət nitqləri 30 faiz artıb - Fernando Lottenberq Hadisə

Sosial şəbəkələrdə nifrət nitqləri 30 faiz artıb - Fernando Lottenberq

Sosial şəbəkələrdə nifrət nitqləri keçən illə müqayisədə 30 faiz artıb.

Trend xəbər verir ki, bu barədə Amerika Dövlətləri Təşkilatının kommisarı Fernando Lottenberq VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Sosial mediada nifrət nitqləri görülməmiş şəkildə yayılır. Biz cəmiyyətdə məlumatın keyfiyyətini təmin etməliyik. İnsanlar özləri də hansı məlumatların keyfiyyətli, lazımlı olub-olmadığını anlamalıdır. Rəqəmsal dünyada insanlar manipulyasiya edilir və özlərini qoruya bilmirlər.

İfadə azadlığı anlayışı belə, nifrət nitqlərinin yayılmasına şərait yarada bilər. Xüsusən də “X” sosial media platformasında nifrət nitqlərinin artması bizi narahat edir”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.