İmişlidə 10 yaşlı uşağın itkin düşməsi barədə cinayət işi üzrə icraat bərpa edilib Hadisə

İmişlidə 10 yaşlı uşağın itkin düşməsi barədə cinayət işi üzrə icraat bərpa edilib

İmişlidə 10 yaşlı Rasim Xankişyevin itkin düşməsi ilə bağlı başlanan, sonradan dayandırılan cinayət işi üzrə icraat yenidən bərpa edilib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna hüquq müdafəçisi Samir Zeynalov məlumat verib.

S.Zeynalov deyib ki, Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə müəmmalı şəkildə itkin düşməsi faktı ilə bağlı ötən həftə İmişli rayon prokurorluğunda cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilib: “Qərardan məhkəməyə şikayət vermək nəzərdə tutulurdu. Lakin mayın 10-da İmişli rayon prokuroru Valeh Səmədovun qəbulunda olduğumuz zaman icraatın təzələnməsi haqqında qərar qəbul edildiyini öyrəndik.

Eyni zamanda o da məlum oldu ki, ərazidə olan müşahidə kameraları ətrafı geniş və aydın şəkildə müşahidə etdiyindən bu barədə də sorğu ilə aidiyyəti üzrə müraciət edilib”.

Bildirilib ki, hazırda əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindəmn ərazidə axtarış-xilasetmə əməliyyatı aparılıb, nəticə əldə etmək mümkün olmayıb.

Sosial şəbəkədə azyaşlının yük avtomobili tərəfindən vurulduğu, daha sonra iz itirmək məqsədi ilə kanala atılması barədə məlumatlar yayılıb.