Bakı Dəmir Yolu Vağzalı yenidənqurmadan sonra istifadəyə verilib Hadisə

Bakı Dəmir Yolu Vağzalı yenidənqurmadan sonra istifadəyə verilib

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edəcəklər. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.
Dövlət başçısına və xanımına vağzal binasında yaradılan situasiya mərkəzi barədə də məlumat verilib. Mərkəzdən müşahidə kameraları vasitəsilə vağzal ərazisinə nəzarət olunur.
Vağzal binasının ikinci mərtəbəsində 2 saylı "ASAN kommunal" fəaliyyət göstərir. Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına və xanımına mərkəz barədə məlumat veriblər.
Dövlət başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış olublar. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.
Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olublar.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına və xanımına burada aparılan işlər barədə məlumat verib. Bildirilib ki, bina 1956-cı ildə inşa edilib. Ümumi sahəsi 29 min kvadratmetr olan binada 505 otaq var. Binanın 3 korpusu dördmərtəbəli, bir korpusu isə beşmərtəbəlidir.
Foyedə Heydər Əliyevin və prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Heydər Əliyevin büstü qoyulub.
Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn izlənməsi sistemi yaradılıb. Bundan başqa, otaqda GPS izlənmə sistemi də tətbiq edilir.

Binada 280 nəfərlik akt zalı, aparat və işlər idarəsi, beynəlxalq əlaqələr, kadrlar, hüquq, ictimai əlaqələr şöbələri, "qaynar xətt" bölməsi və digər aidiyyəti qurumlar fəaliyyət göstərəcək. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların və indiyədək quruma rəhbərlik edən şəxslərin fotolarından ibarət guşələr də yaradılıb.
Qeyd edilib ki, dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, iki su anbarı inşa edilib. Mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunan binanın dam örtüyü tam yenilənib.