

Azərbaycanın qəhrəman övladı Mehrab Niftəliyev haqqında çox yazılmalı və filmlər çəkilməlidir. Onun keçdiyi döyüş yolunun və göstərdiyi qəhrəmanlıqların canlı şahidiyəm. Belə qəhrəmanlarımızı xüsusilə gənclər tanımalı, öz qəhrəmanları ilə fəxr etməli və örnək götürməlidirlər.
Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il mayın 13-də Quba rayonunun Qam Qam kəndində anadan olub.
1992-2003-cü illərdə Quba rayon Mübariz Abdullayev adına Qam Qam kənd orta məktəbində orta təhsil alıb. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə yollanıb. Elə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçən Mehrab ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib. O, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri idi. “Qafqaz qartalı” və EFES kimi çətin hərbi təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı-istehkamçı kimi ixtisaslaşıb.
Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il Aprel döyüşlərində də yüksək şücaət göstərib. Qüsursuz xidmətlərinə və şücaətlərinə görə dəfələrlə medal və diplomlarla təltif olunub. Vətən Müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd - xüsusilə Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərib. O, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib və texnikalarını sıradan çıxarıb, hərbi qənimət kimi ələ keçirib. Döyüşlər zamanı yaralı və şəhid hərbi qulluqçuları savaş meydanından çıxarmaqla yanaşı, yaralı silahdaşlarına tibbi yardım da göstərib.
O, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə artilleriya qəlpəsi yarası alıb. Noyabrın 8-də isə şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıt Şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Mehrab peşakar hərbi qulluqçu olmağı ilə yanaşı həmdə yaxşı dost və yoldaş idi öz fədakarlığı ilə hər zaman dostlarının qəlbində əbədi yaşayacaq.
Ruhun şad olsun qəhraman qardaşım!
Bəhruz Məmmədzadə
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri