ADİİM növbəti layihəsinin icrasına başlayır Hadisə

ADİİM növbəti layihəsinin icrasına başlayır

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Zərərli xarici təsirlərə qarşı sayıqlılığın artırılması" adlı layihəsinin icrasına başlayıb.

ADİİM-in mətbuat xidmətinin layihənin başlanması ilə bağlı yaydığı məlumata görə, müasir dövrdə xarici, xüsusilə, qloballaşmanın yaratdığı ideoloji və mədəni təsirlər gənclərin milli ruhda yetişməsini çətinləşdirən amillərə çevrilib. Buna görə də gənclərin xarici təsirə boyun əyməməsi üçün milli şüurun, vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir. Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqla yanaşı elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir. Milli vətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immüniteti artırır.

Cənab Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir: “İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”.

Bəli, xaricdən gələn ziyanlı ideoloji təbliğatlar bütövlükdə cəmiyyətin inkişafına, milli maraqlara bağlılığa xələl yetirə bilər. Bunun qarşısının alınması üçün isə gənclərin paralel olaraq dünya ilə inteqrasiyada milli maraqları, milli kimliyi və milli ruhu qoruma bacarıqlarını inkişaf etdirmələri əsasdır. Bu mühüm nəticəyə nail olmaq üçün isə həm təhsil, həm də ailədə verilən tərbiyə milli ideallar və dəyərlər üzərində qurulmalıdır.

Bu gün Azərbaycan gəncləri həm müasir texnologiyaların verdiyi imkanlarla ölkənin inkişafına töhfə verməli, həm də tarixi yaddaşlarını qoruyaraq milli dəyərlərə sadiq qalmalı, milli ruhda böyüməlidirlər. Vətən müharibəsindəki qələbə dövlətin gənclər siyasətinin düzgün istiqamətdə olduğunu bir daha sübut etdi. Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi məhz bu gənclərin vətənpərvərliyi, milli ruhu və biliyi ilə təmin ediləcək.

Ümumilikdə, müasir dövrdə gəncləri yad təsirlərdən qorumaq çox çətin və mürəkkəb məsələdir. Çünki müasir texnologiyalar bütün gənclərin həyatına bu və ya digər dərəcədə təsir edir. Sözügedən məsələ qlobal miqyasda aktualdır. Hesab edirəm ki, bu sahədə nəticələrin əldə edilməsi zaman tələb edir.

Eyni zamanda, gənclərimiz milli mənəvi dəyərləri əxz edərək yetişirlər. Dövlət başçısı hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir. Çünki milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz xarici təsirlərdən tamamilə müdafiə olunur, onlar xarici təsirlər altına düşmürlər və beləliklə də, Azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı şəkildə inkişaf edirlər. Azərbaycan gəncliyinin milli ruhda yetişməsini 44 günlük Vətən müharibəsində gördük. İkinci Qarabağ savaşında Azərbaycan gəncliyi üzərinə düşən böyük missiyanı kifayət qədər uğurla yerinə yetirdi. Bütün dünya buna şahid oldu.

İnformasiya əsrindəyik, indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır. Ona görə də QHT fəaliyyətini informasiya əsrinin tələblərinə uyğun qurmağı daha məqsədəuyğun hesab edib. Bu formada ideoloji təbliğat işinin daha geniş auditoriyanı əhatə edəcəyi və effekt verəcəyinə inanır.

Bunun üçün layihə mövzusuyla bağlı 10 maarifləndirici yazının MEDİA reyestrindən keçən 10 internet resursunda ictimailəşdirilməsi və internet tv-də 3 maairfləndirici verilişin yayımı fəaliyyət planına salınıb. Layihə 01.06.2025-31.08.2025-ci ili əhatə edəcək.