Komitə sədri Astarada məscidləri ziyarət edib Hadisə

Komitə sədri Astarada  məscidləri ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 4-də Astara rayonu Ərçivan qəsəbəsi, “Məhəmməd Hənəfiyyə” və Vəznəş kənd məscidlərini ziyarət edib.

Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı Komitə sədri bildirib ki, multikultural dəyərlərin qorunması, eyni zamanda tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi dövlətin diqqət mərkəzindədir. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti ölkədə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsini təmin edir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada bütün dinlərə hörmətlə yanaşılır, bərabər münasibət göstərilir. Ölkədə müxtəlif dinlərə aid ibadət yerlərinin tikintisi, təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir.

Görüşlərdə həmçinin dini radikalizmlə mübarizə, dini maarifləndirmə tədbirlərininin davam etdirilməsi və dövlət-din münasibətlərinin inkişafı istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Dini icmaların fəaliyyətinin şəffaf və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsinin vacibliyi vurğulanıb. Dövlət Komitəsinin sədri din xadimlərini vətəndaş birliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib, onları gənclərin milli-mənəvi ruhda tərbiyəsində fəal olmağa çağırıb.

Din xadimləri dövlət tərəfindən din xadimlərinə göstərilən qayğını yüksək dəyərləndirdiklərini qeyd edərək, dini dəyərlərin qorunmasına həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.

Cavid