
Əlində bir tək qələm,
Qəlbində milyon ümid.
Sözündən gün doğulur,
Baxışından nur süzülür.
Sən dünyanı işıqla tanıdan insansan,
Müəllim- adın əbədidir!
Müəllim insanın ruhuna işıq salan əbədi çıraqdır. Yazıya bu ruhla başlayaq. Mənim üçün həm ruhən, həm də genetik baxımdan həyatımda MÜƏLLİM məqamını əbədi tutmuş bir şəxsdən bəhs etmək istəyirəm. Müəllimim və Əmim Bakir Əsədli haqqında. Bu şeir isə onun misrasıdır.
Əmi atanın yarısıdır, bəzən isə onun yerini dolduran, ailənin dayağı, həyatın ilk müəllimidir. Mənim üçün də belə idi.
Azərbaycanda ailə institutunun təməlində sevgi, hörmət və məsuliyyət dayanır. Əsrlər boyu xalqımızın mənəvi dayaqlarını gücləndirən bu dəyərlər, böyüyə hörmət, kiçiyə qayğı, ailədə mərifət və sözə dəyər vermək milli kimliyimizin əsas sütunlarıdır. Əsl azərbaycanlı ailəsi bu sütunlar üzərində dayanır. Əmim Bakir müəllim bu dəyərlərin canlı nümunəsi idi. O, həm ailəmizin böyüyü, həm də bir məktəb idi.
Bakir Əsədli 1955-ci ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub.
1972-ci ildə orta məktəbi bitirib, hərbi xidmətdən sonra Lənkəran Pedaqoji Məktəbini fərqlənmə diplomu ilə, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
Yardımlı, Cəlilabad və Bakı məktəblərində müəllimlik edib, yüzlərlə gəncin düşüncə dünyasında iz qoymuşdu. Ədəbiyyatı yalnız öyrətmirdi, həm də yaşadırdı, duyurdu və düşündürürdü.
1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulmuş, xalqın istiqlal çağırışlarında ön sıralarda olmuşdu. 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının yaranmasında iştirak etmiş, sonralar Qaradağ rayon təşkilatına rəhbərlik etmişdi.
İdarəçilikdə də çalışsa da - Bilnə kənd kolxozunda, servis müəssisəsində, daha sonra Qaradağ Rayon İcra Hakimiyyətində- onun ürəyi həmişə sinifdə, lövhə arxasında idi.
Son illərinə qədər Qobustan qəsəbəsindəki 223 saylı məktəbdə müəllimlik etdi və şagirdlərindən ayrılmadı.
Bakir Əsədli bizim ailənin böyüyü, həm ağsaqqalımız, həm də mənəvi dayağımız idi. Atasını, anasını itirən qardaş-bacılar üçün o, yalnız qohum deyil, həm də ailənin sütunu, qayğısı və hörməti idi.
Səbr, ədalət, hikmət dolu davranışları ilə hər birimizə yol göstərirdi. O, hər sözü, hər baxışı ilə tərbiyə verirdi. Onun bir baxışı bəzən bir kitablıq hikmətdən də dərin olurdu.
Bakir Əsədli həm də ailəcanlı, fədakar ata idi.
Yeddi övladını vicdanla böyütdü, onlara dürüstlük, mərdlik və vətən sevgisi aşıladı.
Onun övladlarından biri Vətən müharibəsində döyüşərək atasının öyrətdiyi vətənpərvərliyi əməli ilə sübut etdi.
Ailədə nizam və birlik varsa, orada Bakir müəllim kimi böyüyün varlığı mütləqdir. O, ömrünün sonuna qədər müəllimlik peşəsinə sədaqətlə xidmət etdi, elə bil ki, bu peşə onun həyatının mənası, nəfəsi idi.
Alman pedaqoqu Disterveqin dediyi kimi: “Pis müəllim həqiqəti təqdim edir, yaxşı müəllim onu tapmağı öyrədir.” Bakir müəllim məhz belə idi. O, əsl müəllim idi.
Müəllimlik bütün peşələrin tacıdır. Çünki həkimi də, mühəndisi də, dövlət adamını da, sənətkarı da yetişdirən müəllimdir.
Bakir Əsədli üçün müəllimlik sadəcə iş yox, insanlıq missiyası idi. O, dərs dediyi hər bir şagirdə yalnız bilik deyil, həm də dəyər, məsuliyyət, vətəndaşlıq hissi aşılayırdı.
Bakir Əsədli bizə sözü dəyərləndirməyi, fikri düzgün deməyi, insan kimi yaşamağı öyrətdi. Onun dərs dediyi günlərdə sinifdə bir nizam, bir işıq olurdu. Hər kəs onun səsini dinləyər, hər cümləsindən bir hikmət tapardı.
Onun dərs otağı təkcə elm məkanı deyil, həm də mənəviyyat dərgahı idi.
Onunla keçən hər gün bir məktəb idi.
Cəsarəti, dürüstlüyü, haqqın tərəfində dayanmaqdan çəkinməməsi mənə örnək oldu. Mənim siyasətə gəlişimdə, mübarizə yoluma çıxmağımda da ilk yol göstərən o idi. Məni ictimai-siyasi proseslərə o həvəsləndirdi və Vətəndaş Həmrəyliyi Partiyasına gətirdi.
Mənim üçün o, həm müəllim, həm də əqidə yoldaşı idi.
“Bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi, digəri fiziki cəhətdən şikəst edər”.
Bakir müəllim bu sözlərin mənasını yaxşı anlayırdı. O, dərsə vicdanla, məsuliyyətlə yanaşır, inanırdı ki, insana ilk düz yolu göstərən müəllimdir. Bakir müəllim sadəcə pedaqoq deyildi-o, həm də milli düşüncənin daşıyıcısı, azadlıq hərəkatının iştirakçısı idi.
Əmim 65 yaşı tamam olanda məktəbdən uzaqlaşdırıldığını deyəndə sarsılmışdı.
“Mən hələ də dərs deyə bilərdim”,-demişdi titrək səslə.
Bu, onun həyatının ən ağır günü idi. Çünki sinif onun nəfəsi, lövhə onun dünyası idi.
O gün onun səsi sanki bütün ailəmizin qulağında əks-səda verdi və müəllim sinifdən ayrılırdı, amma tədris ruhu yox.
Əslində, 65 yaş bir son deyil, müdriklik çağının başlanğıcıdır. Bu yaşda müəllim daha səbirli, daha anlayışlı, daha bilikli olur. Onu məktəbdən uzaqlaşdırmaqla biz gələcəyimizi təcrübədən, müdriklikdən məhrum edirik.
Müəllim ömrü gəncliyin yanındadır-yaşla deyil, ürəklə, biliklə və şagird sevgisi ilə ölçülür.
“Həyatın mənası nədədir?”- desələr, mən cavab verərdim: müəllimin ömründədir.
Çünki müəllim ömrü elə bil yanar şamdır: özü ərir, amma yüzlərlə şagirdin yolunu işıqlandırır.
Müəllim yanmasa, millətin yolu işıqlanmaz.
Müəllimlər cəmiyyətin səssiz qəhrəmanlarıdır. Onlar xalqı savada, elmə, nurla dolu sabaha aparırlar.
Bu gün Bakir müəllim sinifdə deyil, amma onun səsi, baxışı, sözü hələ də yaşayır.
Şagirdlərinin yaddaşında, övladlarının həyatında, Vətən uğrunda döyüşən oğlunun qəhrəmanlığında, azadlıq mübarizəsindəki silahdaşlarının xatirəsində…
Onun ömrü sübut edir: Müəllimlik işıq saçmaqdır.
O işıq yalnız bir ömrün deyil, yüzlərlə ömrün yoluna paylanır.
Bakir Əsədli müəllim, ziyalı, hərəkatçı, siyasətçi, ailəcanlı ata, ömrünü, sevgisini və biliyini bütöv bir millətin gələcəyinə həsr edən şəxsiyyət idi.
Onun öyrətdiyi dərs dürüstlük, elm və vətən sevgisi heç vaxt unudulmayacaq.
Çünki müəllimin izi torpaqdan silinməz, onun sözü xalqın yaddaşına yazılar.
Çünki onun ömrü bir müəllimin necə əbədiləşdiyini göstərir.
Samir Əsədli