İnstitut direktoru: Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı strateji səviyyəyə yüksəlir Hadisə

İnstitut direktoru: Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı strateji səviyyəyə yüksəlir

Regional çağırışların artdığı bir dövrdə Azərbaycan–Türkiyə münasibətlərinin hərbi istiqamətdə daha da güclənməsi xüsusi önəm daşıyır. İki ölkə arasındakı əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, təhlükəsizlik və müdafiə sahəsində də nümunəvi model yaradıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu sözləri Şuşada keçirilən forumda İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı bildirib.

Əsma Özdaşlı qeyd edib ki, Azərbaycan–Türkiyə əməkdaşlığı regionda sabitlik üçün nümunədir.

“Azərbaycanın və Türkiyənin münasibətləri klassik beynəlxalq qonşuluq çərçivələrinin fövqünə çıxaraq dostluq və qardaşlıq prinsipləri formalaşıb. Bu ideyanın təməli Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir” ifadəsi və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi ilə möhkəmlənib. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin səsləndirdiyi "Bir millət, iki dövlət, bir ordu" fikri isə hərbi əməkdaşlığın yeni strateji mərhələyə keçdiyini göstərir. Yaxın Şərq, Sudandakı qarşıdurmalar, Ukrayna müharibəsi kimi qlobal gərginliklər fonunda Türkiyənin müdafiə sənayesinin güclənməsi və müasir silah sistemlərinin inkişaf etdirilməsi bölgə üçün önəmli amilə çevrilib. Türk SİHA-larının bir çox münaqişə bölgəsində səmərəli şəkildə istifadə olunması bu sahədə Türkiyənin qlobal mövqeyini daha da artırıb. Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurların əsas səbəblərindən biri silah və hərbi texnika baxımından xarici asılılığı minimuma endirmək siyasətidir. 1974-cü ildə Kıbrıs əməliyyatından sonra tətbiq edilən embarqolar və digər məhdudiyyətlər Türkiyənin milli müdafiə sənayesinin gücləndirilməsi istiqamətində dönüş nöqtəsi olub. Azərbaycan–Türkiyə münasibətlərinə bəzi Qərb dairələrinin fərqli yanaşmaları olsa da, iki ölkənin möhkəm əməkdaşlığı regionda sabitlik üçün müsbət nümunədir. Türkiyənin Suriya və İraqa həyata keçirdiyi əməliyyatlar da bu hərbi və təhlükəsizlik modelinin genişmiqyaslı tətbiqi kimi dəyərləndirilir. Hər iki ölkənin müdafiə qabiliyyəti durmadan artır və bu proses tarixi bağlar, ortaq dəyərlər və güclü siyasi iradə ilə dəstəklənir”.