Şəhid zabitimiz II Şəhidlər Xiyabanında dəfn olunub Hadisə

Şəhid zabitimiz II Şəhidlər Xiyabanında dəfn olunub

MN rəhbərliyi kapitan Fikrət Məmmədovun "İgidliyə görə" medalı ilə təltif olunması üçün dövlət başçısına təqdimat göndərib

Cəbhənin Füzuli rayonu ərazisində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Fikrət Məmmədov bu gün Bakı şəhərində II Şəhidlər Xiyabanında dəfn olunub.
APA-nın məlumatına görə, dəfn mərasiminə şəhidin yaxınları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin rəsmiləri qatılıblar.
Şəhidlər Xiyabanında təşkil olunmuş mərasimdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin ailəsinə başsağlığı verib. O, bildirib ki, F. Məmmədov 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra motoatıcı tağım komandiri vəzifəsində xidmət edib. Kapitan F. Məmmədov Azərbaycan prezidentinin sərəncamı ilə "Hərbi xidmətlərə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi" yubiley medalları, "Qüsursuz xidmətlərə görə" üçüncü dərəcəli medallarla təltif olunub.
"Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi rəşadətə görə kapitan F. Məmmədovun ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunması üçün Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan prezidentinə təqdimat göndərib", - deyə R. Əmirov vurğulayıb.
Tədbirdə qeyd olunub ki, ata və anasını itirmiş kapitan F. Məmmədovun kiçik yaşda bir qızı və bir oğlu yadigar qalıb.
Daha sonra şəhidin Azərbaycanın dövlət bayrağı ilə örtülmüş tabutu hərbi orkestrin və Fəxri Qarovulun iştirakı ilə qaldırılıb. Dəfn zamanı rituallara uyğun olaraq havaya atəş açılıb. Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi və xidmət etdiyi hərbi hissə adından əklil qoyulub.
Dəfndən sonra general-mayor Hikmət Mirzəyev şəhid F. Məmmədovun hərbi geyimini və tabutu üzərinə örtülmüş Azərbaycanın dövlət bayrağını mərhumun ailəsinə təqdim edib.