
İkinci Qarabağ müharibəsi başlananda silaha sarılaraq cəsarətlə, qələbə əzmi ilə döyüşlərə atılıb son damla qanına qədər yağıya qan qusduran Vətənin qəhrəman oğullardan biri də Surac Sadıqov olub. Biləsuvar rayonunun Ağalıkənd kəndində boya-başa çatan, doğma Azərbaycanın hər qarışını özünə əziz bilən, əzəli yurd yerimiz olan Qarabağın düşmən işğalında qalmasına dözməyən igid Surac Ədalət oğlu 19 yaşında müqəddəs şəhidlik zirvəsinə ucalıb. Qaldı ki, özündən sonra qürur duyulası bir tarix qoyub. Nəticədə ömür yolu qısa olsa da, şərəflidir. Canını yolunda fəda etdiyi xalq, Vətən onu heç vaxt unutmaz, qərinələr boyunca sonsuz ehtiramla, sevgi və məhəbbətlə xatırlanar.
Vətənpərvərliyin ən ali məqamına yetişən, qəhrəmanlıq tariximizdə ad qoyan Surac Sadıqov 2019-cu ildə orta təhsilini başa vurub müddətli həqiqi hərbi xidmətə yollanıb. O, cəbhə bölgəsində əlinə silah alıb adına can dediyi Azərbaycana keşik çəkib, onu göz bəbəyi kimi qoruyub. Üzərinə düşən hər bir tapşırığı şərəflə yerinə yetirən, nizam-intizamı ilə seçilən əsgər həm də ürəkdən inanıb ki, qeyrətli oğullar hesabına tezliklə torpaqlar erməni dığalardan təmizlənəcək, yenidən xalqın firavan günləri başlanar. Bundan ötrü ürəyində Vətən eşqi, yağıya nifrət hissi hərbi təlimlərdə fəallıq göstərib. Cəsarəti, hünərləri onu daha çox əsgər yoldaşlarına, zabitlərə sevdirib. Ən böyük amalı da müharibə meydanında yağıya qarşı sonadək vuruşub. Vətənin qalib əsgəri tək evə qayıtmaq olub...
2020-ci ilin 27 sentyabrda yağı düşməndən qisas alaraq 30 il işğalda qalan doğma Qarabağımızın azad etmək məqamı yetişib. Surac müharibənin ilk günündən qanlı döyüşlərə qatılıb və mərdliklə vuruşub. Belə ki, odlardan, alovlardan keçməklə yurdumuza göz dikmiş erməni dığaların kabusuna çevrilib. Neçə-neçə savaşdan zəfərlə çıxan Vətən sevdalısı Suqovuşan istiqamətində gedən ağır müharibə meydanında döyüş yoldaşları ilə düşmənə, sözün əsl mənasında, divan tutublar. Oktyabrın 10-da son gülləsini yağının başına çaxan yerdə qəhrəmancasına şəhadətə qovuşub. Beləcə, Qarabağımızın azadlığı naminə canından keçən, qəlblərdə özünə əzəmətli adidə ucaldan Biləsuvar elinin igid oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunub. Hazırda doğma Ağalıkənd kəndində onun adına küçə də vardır.
Bəli, Vətəninin azadlığı, xalqının xoşbəxtliyi naminə şəhid olmuş Surac Sadıqov günəş ömrü yaşamaqla qəhrəmanlığı gələcək nəsillər üçün də örnək olacaqdır.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü