“Livan istiqamətində proseslər təhlükəli mərhələyə daxil olur” Hadisə

“Livan istiqamətində proseslər təhlükəli mərhələyə daxil olur”

“İranın SEPAH zabitlərini Livana göndərməsi və Hizbullahın yenidən silahlandırılması ilə bağlı yayılan məlumatlar Yaxın Şərqdə təhlükəsizlik balansına ciddi təsir göstərə biləcək proses kimi qiymətləndirilməlidir”.

Bunu politoloq Rəşad Bayramov “xalqcebhesi.az”q açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, region artıq İsrail–Fələstin münaqişəsi, İran–ABŞ gərginliyi və Suriyadakı qeyri-sabitlik fonunda olduqca həssas mərhələdən keçir və bu şəraitdə İranın Livandakı təsir imkanlarını artırması eskalasiya risklərini yüksəldir:
“Hizbullah İranın Yaxın Şərq siyasətində əsas proksi qüvvələrdən biri kimi çıxış edir və təşkilatın son dövrlərdə müəyyən itkilər verməsi Tehranın onun hərbi potensialını bərpa etməyə yönəlmiş addımlarını izah edir.
SEPAH zabitlərinin Livana göndərilməsi ilə bağlı məlumatlar göstərir ki, İran artıq prosesə dolayı deyil, daha birbaşa müdaxilə xəttini gücləndirir”.

Politoloqun fikrincə, bu prosesdə ən kritik faktor İsrailin mövqeyidir:”Təl-Əviv İranın Livandakı hərbi mövcudluğunu milli təhlükəsizlik üçün birbaşa təhdid kimi görür və bu, regionda qarşılıqlı zərbə və eskalasiya ehtimalını artırır.Livanın daxili siyasi və iqtisadi böhranı fonunda Hizbullahın yenidən silahlandırılması ölkə daxilində gərginliyi dərinləşdirə bilər.
Hazırkı mərhələdə ən real ssenari genişmiqyaslı müharibədən çox idarə olunan gərginliyin davam etməsidir, lakin risklərin artdığı da aydın görünür”.

Günel Elxan