
Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı naminə özünü fəda edən, adını tarixə yazan qəhrəmanlardan biri də 1975-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatan Mais Hüseynağa oğlu Mirzəcanovdur. Azərbaycanın hər qarış torpağını özünə doğma bilən Mais canına yağı dadanmış yurdunun taleyinə görə çox narahat olub. Odur ki, orta məktəbi bitirən kimi, yəni 1994-cü ildə ordu sıralarına yollanıb. Ürəyinin istəyinə əsasən cəbhə bölgəsində əlinə silah alıb Vətən torpaqlarının müdafiəsinə hazır durub və adına can dediyi Azərbaycana qeyrətlə, vicdanla xidmət edəcəyinə, murdar niyyətli erməni işğalçılarına qarşı amansız olacağına and içib.
Köksündə qəhrəman ürəyi çırpınan, Vətəninin müqəddəsliyini hər şeydən əziz bilən əsgər Mais Mirzəcanov ermənilər tərəfindən başlanan qəfil döyüşlər zamanı onların cavabını verməyi bacasrıb. İgid əsgərin cəsurluğu, mərdliyi qarşısında duruş gətirməyən işğalçılar öz təcavüzkar əməllərinə görə ciddi itki verməklə geri çəkilib. Hər dəfə də cəbhə xəttində işğalçılarla qarşı-qarşıya dayananda qəlbində onlardan qisas almaq alovu get-gedə güclənib. Həmçinin Maisin vətəninə, torpağına sevgisi əsgər yoldaşlarını da işğalçılardan hər an qisas almağa ruhlandırıb.
Cəbhə bölgəsində müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirən, rəşadət, şücaət qanında-iliyində dövr edən Mais həmişə məqamında ermənilərə qarşı çıxıb, bir qayda olaraq ölümə meydan oxumaqla mərdliklə vuruşub, göstərdiyi igidliklə hərbi hissədə tanınıb. Hansı istiqamətə göndərilibsə, onun döyüş rəşadəti dillərdə dastan olub. Axırıncı dəfə Ağdamda gedən ağır savaşa da qalib olmaq istəyi ilə qatılıb. Son nəfəsinə qədər düşmən gülləsinə sinə gərərək Vətən torpaqlarını qorumağı bacarıb. Cəngavər tək döyüşərək yağıya itki verib. Təəssüf ki, onun ürəyi də gülləyə tuş gəlib. Həmin günü Azərbaycan daha bir layiqli övladını itirib. Maisin şərəfli döyüş yolu, şəhadəti əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılıb.
Doğma kəndində-Yuxarı Nüvədidə əzəldən sevdalandığı torpağın sinəsinə baş qoyan Mais Mirzəcanov çoxdan aramızdan getsə də, mənən köç etdiyi könüllərdə ən əziz adam kimi həmişə böyük ehtiramla xatırlanır, fədakarlıqla, mərdliklə dolu, qürur və heyrət doğuran rəşadətli döyüş yolu indiki gənclərə nümunə göstərilir, zaman-zaman da belə olacaq, eləcə adı əbədi olaraq dillərdə qəhrəmanlı nəğməsinə dönəcək.
Oxuduğu Yuxarı Nüvədi kənd tam orta məktəbi qəhrəman Vətən sevdalısı - Mais Mirzəcanovun adını daşıyır. Bu günlər təhsil ocağında onun doğum gününə həsr olunmuş qürur verici bir tədbir baş tutub. Mərasimdə əvvəlcə odlar yurdu, dahilər beşiyi, igidlər diyarı Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səslənib.
Daha sonra çıxış edənlər şəhid Mais Mirzəcanovun şərəfli ömür və döyüş yolundan, onun Ağdam istiqamətində gedən ağır savaşda nümayiş etdirdiyi şücaətdən və göstərdiyi qəhrəmanlıqdan böyük iftixarla danışıblar, həmçinin ölümsüzlüyə qovuşan qəhrəman Vətən övladlarının xatirəsini hər zaman uca tutmağın, onların bizə əmanət qoyduğu bütöv Azərbaycanın daşını, hər qarış torpağını qorumağın və elmdə, təhsildə qazanılan uğurlarla bu adı yaşatmağın hər bir məktəblinin müqəddəs borcu olduğunu bildiriblər.
Öz çıxışında müqəddəs şəhidlik zirvəsindən və gənc nəslin vətənpərvər ruhda yetişməsində şəhidlərin keçdiyi döyüş yolunun əhəmiyyətindən söz açan məktəbin direktoru Ramiz Ramazanov daha sonra deyib:
“Mais Mirzəcanov kimi qəhrəman oğullarının canı və qanı ilə yazdıqları Vətən sevdası bu gün hər bir şagirdimiz üçün ən böyük mənəvi məktəbdir. Məktəbimizin məhz belə bir cəsur döyüşçünün, Vətən fədaisinin adını daşıması kollektivimiz və şagirdlərimiz üçün həm şərəf, həm də çox böyük məsuliyyətdir”.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında şəhidlərə, Vətənə və qəhrəmanlığa həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü