Mətbuat Şurasında kitab təqdimatı Hadisə

Mətbuat Şurasında kitab təqdimatı

Dünən Mətbuat Şurasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlunun "İlk briqadanın ibrətli döyüş dərsləri" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyac duyulmaqdadır. Bu hissin aşılanmasında müharibədə iştirak etmiş şəxslərin qələmə aldıqları kitabların roluna toxunan Əflatun Amaşov belə nəşrlərin gənc nəslə örnək kimi təqdim edilməsinin zəruriliyini əsaslandırıb. O, "İlk briqadanın ibrətli döyüş dərsləri" kitabının bu mənada böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Əflatun Amaşov ərsəyə gətirdiyi yaradıcılıq nümunəsinə görə İbrahim Məsimoğlunu MŞ-nin diplomu ilə təltif edib.
Hərbi jurnalist və ekspert Üzeyir Cəfərov qəhrəmanlıq salnaməsi yaradan şəxslərin keçdikləri döyüş yolunun öyrənilməsinin vacibliyini bildirib. O qeyd edib ki, mövcud istiqamətdəki işlərin gücləndirilməsi üçün onlara mütəmadi şəkildə müraciət olunmalı, bu fəaliyyət sistemli şəkildə aparılmalıdır. O, təqdimatı keçirilən nəşri bu baxımdan mühüm mənbə kimi dəyərləndirib.
Cəbhədə keçdiyi döyüş yolundan bəhs edən 701 saylı hərbi hissənin Veteranlar Şurasının sədri Əlirza Qənizadə kütləvi vətənpərvərlik təbliğatını nəzərdə tutan kitabların çapını cəmiyyətdə ruh yüksəkliyi yaradan mühüm vasitələrdən biri olaraq qiymətləndirib. Söhbətini Kəlbəcərdə düşmən qüvvələrinə qarşı vuruşmuş azərbaycanlı döyüşçülərin rəşadəti barədə fikirlərlə davam etdirən Əlirza Qənizadə bildirib ki, həmin şəxslərin igidlikləri olmasaydı, Kəlbəcərdə xalqımıza qarşı ikinci soyqırım baş verəcəkdi. O, çıxışında həmçinin sözügedən bölgə ilə bağlı həqiqətlərin dünyaya tanıdılmasında bu cəhətə söykənilmənin əhəmiyyətini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas hərbi vətənpərvərlik təbliğatının düzgün qurulmasında ömrünü-gününü torpaqlarımızın müdafiəsinə həsr etmiş şəxslərin əməyindən istifadənin vacibliyini önə çəkib. Belə adamların ictimai həyatda aktiv iştirakının təminatı üçün stimullaşdırıcı tədbirlərin təşkilinə ehtiyacın duyulduğunu deyib.
Tədbirdə çıxış edənlərdən "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi" MMC-nin şöbə rəisi Arzuman Kosayev, müharibə veteranları Füzuli Rzaquliev, Habil Şirinov, Bəhrəm Əzimov, İntiqam Mirzəyev, jurnalistlər Anar Vəziroğlu, Müzahim İsmayılzadə və digərləri təqdimatı keçirilən nəşrin spesifik cəhətlərinə toxunaraq onun Azərbaycanın yaxın keçmişimizin tarixi ruhunun yaşadılması baxımından önəminə toxunublar.
Sonda çıxış edən İbrahim Məsimoğlu yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

XC