Alimlər İtaliyada Azərbaycanın multikulturalizm ənənələrindən danışıblar Hadisə

Alimlər İtaliyada Azərbaycanın multikulturalizm ənənələrindən danışıblar

İtaliyanın paytaxtı Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə İtaliya, Fransa, Moldova və Litvanın müxtəlif universitetlərinin və elmi-akademik dairələrinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak ediblər. İclası Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə açaraq ölkəmizdə tarixən formalaşmış multikultural ənənələrin və dəyərlərin, yüksək tolerantlıq mühitinin mövcudluğundan bəhs edib.
Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru, professor Əfqan Abdullayev çıxışında təmsil etdiyi müəssisənin təşkilatçılığı ilə 11 ölkənin 13 ali məktəbində bu cür tədbirlərin keçiriləcəyini deyib. O, tədbirlə əlaqədar ADU-nun rektoru, akademik Kamal Abdullayevin təbrik məktubunu oxuyub. İtaliyanın Təhlükəsizlik və Azadlıq Fondunun prezidenti Feliçe Romano, professor Alessandro Fiqus, Kassino Universitetinin rektoru Covanni Betta, Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, KORE Universitetinin prezidenti Salerno Kataldo və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya nümayəndəliyinin rəhbəri Sandro Teti çıxışlarında Azərbaycanda multikulturalizm və tolerantlığın xüsusiyyətlərindən danışıblar.
Tədbirdə ADU-nun professoru Azad Məmmədovun "Azərbaycanda multikulturalizm", professor Anar Bağırovun "Multikulturalizm və din, Azərbaycan təcrübəsi", AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin "Multikulturalizm fəlsəfi kontekstdə", həmin institutun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Zöhrə Əliyevanın "Azərbaycanda tolerantlığın ənənələri" və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyevin "Multikultural təhlükəsizliyin Azərbaycan modeli: dini ekstremizmə qarşı mübarizə kontekstində" mövzularında məruzələri dinlənilib. Məruzələrdə Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması təqdir edilib, ölkəmizin multikulturalizm siyasətinin əsasları, bu sahədə mövcud hüquqi baza və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verilib.