Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib Hadisə

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci və 3-cü bəndlərinin həmin Məcəllənin 16-cı və 177.2.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 71-ci maddələri, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı və 7-ci maddələri baxımından şərh olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində "eyni əməllər" ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur.
Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.