Peşə təhsilində çalışanların diaqnostik qiymətləndirilməsi keçiriləcək Hadisə

Peşə təhsilində çalışanların diaqnostik qiymətləndirilməsi keçiriləcək

Bu ay ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulur. Təhsil Nazirliyindən bildiriblər ki, diaqnostik qiymətləndirməyə regionlarda fəaliyyət göstərən 30-a yaxın peşə təhsili müəssisəsinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları ilə yanaşı, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də cəlb olunacaqlar.
Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
Qeyd edək ki, dövlət başçısının 2018-ci il 17 yanvar tarixli "Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında" Sərəncamına uyğun olaraq, diaqnostik qiymətləndirilmədən keçən mühəndis-pedaqoji heyətin dərs yükünün və əməkhaqlarının artırılması nəzərdə tutulur. 2017-2018-ci tədris ili ərzində peşə təhsili müəssisələri üzrə mərhələlərlə keçirilən diaqnostik qiymətləndirilmə prosesində təhsil və təlim fəaliyyəti ilə məşğul olan 1350 işçinin iştirakı təmin edilib və rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatıb.