BANM-da qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb Hadisə

BANM-da qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Ali Neft Məktəbində (BANM) bu ali məktəbin fəaliyyətə başlamasının 7 illiyi münasibətilə "Qəlbim səni seçdi" qiraət müsabiqəsi keçirilib. BANM-dən bildiriblər ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov ali məktəbin Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli müvafiq Fərmanı ilə SOCAR-ın strukturunda yaradıldığını söyləyib. Qeyd edilib ki, BANM artıq neçə ildir Təhsil Nazirliyinin illik hesabatında tələbə qəbulu üzrə ən yüksək orta bala görə reytinq cədvəlində liderdir. Milli Məclisin deputatları Zahid Oruc və Qüdrət Həsənquliyev Azərbaycanda yüksək infrastruktura malik və keyfiyyətli təhsil verən bu cür ali təhsil müəssisəsinin olmasını yüksək dəyərləndiriblər.
BANM-in neft-qaz mühəndisliyi kafedrasının professoru və müsabiqənin münsiflər heyətinin üzvü, Əməkdar müəllim Fuad Vəliyev bildirib ki, bu cür müsabiqələrin keçirilməsi texniki sahələrin tələbələrinin sosial bacarıqlarının formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Sonra qiraət müsabiqəsinin münsiflər heyətinin digər üzvləri xalq artistləri Həmidə Ömərova, Ramiz Novruz, professor Gülşad Baxşıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti, bədii qiraət ustası Nadir Hüseynov tədbir iştirakçılarına təqdim olunub və müsabiqə açıq elan edilib. Müsabiqədə ali məktəbin tələbələri müxtəlif mövzularda hazırladıqları şerləri səsləndiriblər.
Sonda münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri seçilib. Seçim məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı və ifa üçün ayrılmış vaxta riayət edilməsi meyarlarına əsasən aparılıb. Bədii qiraət müsabiqəsində iştirak edən universitetin tələbələri Sənan Həsənzadə birinci yerə, Nilüfər Əsgərzadə ikinci yerə, Xəyal Fərzəliyev isə üçüncü yerə layiq görülüb. Qaliblər sertifikat və mükafatlarla təltif olunublar.