Azərbaycanlı gənc Cənubi Koreyada prezident seçilib Hadisə

Azərbaycanlı gənc Cənubi Koreyada prezident seçilib

Tarixdə ilk azərbaycanlı Cənubi Koreyada yüksək dövlət məmuru vəzifəsinə layiq görülüb. Belə ki, Cənubi Koreyada yaşayan azərbaycanlı gənc Nihat Xəlilzadə Seul İcra Hakimiyyətində Xarici Vətəndaşların Konsulluğunda prezident vəzifəsinə seçilib.
Nihat Xəlilzadə bildirib ki, Seul Şəhər İcra Hakimiyyəti Xaricilərin Konsulluğunda 2 milyon 500 min xarici vətəndaşların arasından 26 ölkə əsilli 43 nəfər təmsilçi seçilib. Dekabr ayının 14-də 43 nəfər təmsilçi arasında keçirilən səsvermənin nəticələrinə görə isə Nihat Xəlilzadə Seul İcra Hakimiyyəti Xaricilərin Konsulluğunun Prezidenti vəzifəsinə layiq görülüb. 2020-ci ilin yanvar ayında Nihat Xəlilzadə andiçmə mərasimindən sonra yeni vəzifəsinə başlayacaq.
Nihat Xəlilzadə deyib ki, Konsulluğun işi hökumətin xarici vətəndaşlarla bağlı çıxardığı qanunlarda problemləri aşkarlamaq və həmçinin xaricilərin Koreyadakı həyatında narahatçılığa səbəb olan qanunların hansı formaya salınması və ya ləğv olunması haqqında təklifləri irəli sürməkdir.
Nəzərə çatdıraq ki, Nihat Xəlilzadə bu ilin aprel ayında Seul İcra Hakimiyyətində Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyətə başlamışdı.
Nihat Xəlilzadə, həmçinin Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır. O, deyib ki, Mərkəzdə xaricilərin yeni qanunlarla məlumatlandırılması, viza, vergi və s. barəsində konsultasiyası, xaricilərə pulsuz Koreya dili kursları, mədəniyyət proqramları və koreyalılara xarici mədəniyyətlərin təqdimatı və məlumatlandırılması, beynəlxalq seminar və festivalların təşkili üçün bütün servislər mövcuddur.
Xatırladaq ki, Xəlilzadə Nihat Lazım oğlu 1992-ci ildə Masallıda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır. O, Soongsil Universitetinin magistrdır.