Azərbaycanda domenlərin sayı 22 min 760-a çatıb Hadisə

Azərbaycanda domenlərin sayı 22 min 760-a çatıb

Ekspert: "İnsanlar domeni alıb saxlamağa üstünlük verirlər"

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 min 760-a çatıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər. Məlumata görə, 2014-cü ilin əvvəlindən 5607 domen qeydiyyatdan keçirilib, 3678-i isə ləğv edilib. Qeydə alınan milli domen adlarının xalis artımı 1929-a bərabər olub.
Qeyd olunur ki, son üç ildə .az domen zonasında artım müşahidə olunur. Ötən il 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30 faiz artıb. Bu il isə domen sayının 40 faiz artımı proqnozlaşdırılır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, milli domenlərin qeydiyyatında artım olsa da, real fəaliyyət göstərən resurslar azdır: "İnsanlar domeni alıb saxlamağa üstünlük verirlər, nəinki onun altında bir resurs işlətməyə. Milli domenlərin qeydiyyatı sahəsində də vəziyyət ürəkaçan deyil. Bu, qeydiyyat prosedurunun Azərbaycan qanunlarına və beynəlxalq prosedurlara uyğunlaşdırılmaması ilə bağlıdır. Qanunvericilikdə nəzərdə tutulub ki, maraqlı tərəflərin iştirakı ilə qeydiyyat strukturu formalaşdırılsın. Ancaq indiyə kimi bu reallaşmayıb. Bütün problemlər burdan qaynaqlanır.
Hazırda qeydiyyatla bağlı bütün prosedurları hansısa bir şirkət həyata keçirir. Bunun heç bir hüquqi əsası yoxdur. Son dövrlərin müsbət məqamı odur ki, milli domenlərin onlayn qeydiyyat sistemi yaradılıb".
Qonşu ölkələrlə müqayisəyə gəlincə, Osman Gündüz bildirib ki, Azərbaycanın milli domenləri bahadır.