“Baksell”dən yeni layihə - “AppLab” Hadisə

“Baksell”dən yeni layihə - “AppLab”

Azərbaycanın ilk mobil operatoru "Baksell" şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində "AppLab" adlı innovativ mobil developer layihəsinə start verir. Bu barədə keçirdiyi mətbuat konfransında şirkətin icraçı direktoru Riçard Şirer bildirib.
R.Şirer qeyd edib ki, bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə, Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. "AppLab" ideyaların, mobil təqdimetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir".
Riçard Şirer bildirib ki, ""Qualcomm" şirkəti ilə mühüm layihələr həyat keçirmişik. Bu il əməkdaşlığımızı ölkənin telekommunikasiya sektorunda olduqca əhəmiyyətli hadisə hesab edilə bilən müxtəlif maraqlı layihələr çərçivəsində genişləndiririk. "Baksell" həmçinin son 3 ildə Azərbaycanın gənc developerlərinə dəstək göstərmək üçün ilk dəfə həyat keçirilən layihələrin tərəfdaşı olub. İndi biz maraqlı ideyaları olan gənclərə "AppLab" layihəsi kimi gözəl bir fürsəti böyük məmnuniyyətlə təqdim edirik. Proqram inkişaf etdirmə prosesində "Bakcell" və "Qualcomm" şirkətləri tərəfindən onlara böyük dəstək göstəriləcək və biz inanırıq ki, bu layihə onların çox xoşuna gələcək".
Daha sonra çıxış edən "Qualcomm" şirkətinin nümayəndəsi Ziad Matar deyib ki, "AppLab" ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.
Qeyd edək ki, layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilən yeni AppLab ofisində çalışa biləcək, eyni zamanda məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanına malik olacaqlar.
"Baksell" və "Qualcomm" şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu isə gənc developerləri geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəcək. Layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tərtibetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. "AppLab" layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http: //goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi hallarını və ideyalarının təsvirini [email protected] ünvanına göndərməlidirlər.

Ülviyyə Tahirqızı