Mətbuat fədaisi Nəsir İmanquliyev: Dəqiq, qərəzsiz, vicdanlı! Hadisə

Mətbuat fədaisi Nəsir İmanquliyev: Dəqiq, qərəzsiz, vicdanlı!

" ... Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa,onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar".

Həsən bəy Zərdabi
Azərbaycan Mətbuatının banisi

Həsənbəy Zərdabi mirasi, Həsən bəy Zərdabi ənənəsi...

Təməli "Əkinçi" qəzeti ilə qoyulan və bu günədək yaşamaq iqtidarını təsdiq edən milli mətbuatımız, 145 ilin mübarək. İllər öz müqtədir ziyalıları, əzmli yolları, dəyərli imzaları ilə səni yaşatdı. Qələm kimi silahın neçə ruh sərkərdələrinin gücü, qüdrəti oldu. Nə qərinələr keçdin, əsri aşdın. Sənin qübbənin altında nə dahilər pərvazlandı. İmzalar içində imzalar qoyan, möhür vuran, cığır açan aydınlarımızdır bu günün üfüqdə parlayan işığı. Hər kəsin öz yolu, hər kəsin öz işığı... Və həm də Nəsir İmanquliyev imzası...Mənəviyyatın hər şeyin fövqündə durmasını zərrə-zərrə, misqal-misqal ruhumuza, iç dünyamıza yansıdan aydın... Görkəmli jurnalist, ictimai xadim, BDU-nin professoru, "Radio proqramı", "Vətənin səsi", "Bakı" və "Baku" qəzetlərinin qurucusu, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə ənənələrini özündə ehtiva edən, kitabları, monoqrafiyaları, publisistik yazıları, təşkilatçılıq və redaktorluq məharəti ilə milli mətbuatımıza töhfə verən, əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist Nəsir İmanquliyev...

"Çalışın imzanızın məsuliyyətini dərindən dərk edin, heç olmasa düşünün ki, haradasa sizi bir nəfər oxuyur. Bax, o oxucu naminə yalan yazmayın, insanları aldatmayın" - deyir Nəsir İmanquliyev. O, tarixin ona məxsus dönəmində jurnalistika sahəsində öz misilsiz xidmətləri ilə seçildi. Təkcə elə "Bakı" və "Baku" qəzetlərindəki fəaliyyətini demək kifayət edər ki, dövrünün novatoru kimi dəyərləndirilsin.

Nəsir İmanquliyev "Qəzet yaxşı yazıları ilə hörmətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu,qələmlərin kəsərliliyidir. Qəzet beyinlərə mənəvi qida verən, fikirlərə və düşüncələrə işıq bəxş edən kəsərli vasitədir" deməklə həm də diğər qələm sahiblərinə yeni bir çağırış edir.

Müasirlərindən biri yazır: Bir gün Nəsir müəllim məni yanına çağırıb dedi ki, axşam bizə gəl Aida xanım məqalə yazıb onu müzakirə edək. Danışdığımız günün axşamı mən onlara gedəndə gördüyüm mənzərədən çaşdım. Bütün qəzet redakdiyasının işçiləri Nəsir müəllimin evində yemək masasında əyləşmişdilər. Təəccübümü gözlərimdən oxuyan Nəsir müəllim ehmalca əlini çiynimə qoyub gülümsədi və dedi - bu gün "Baki" qəzetinin 20 illik yubileyidir. Bəli, Nəsir müəllim bu yubileyi evində qeyd edirdi. Çünki ona o zamanlar yubileyin geniş masştabda keçirilməsinə imkan verilməmişdi. Xalq şairi Qabil vəziyyəti belə dəyərləndirirdi "Bu qəzetlər hətta kommunist rejimində belə demokratik mətbuat nümunəsi sayılırdı".

"Jurnalist var ki, özündən sonra çox sayda oçerklər bə məqalələr, kitablar qoyub gedir. Lakin Azərbaycanda ikinci elə bir jurnalist tapmaq mümkün deyil ki, bir qəzetin bünövrəsini qoysun, nüfuzlu redaksiya heyəti yaradaraq 30 il boyunca hər sayı hamı üçün maraqlı olan bir qəzet çıxartsın. Məhz buna görə Nəsir müəllimdən sonra 30 il ərzində redaktoru olduğu "Bakı"- "Baku" qəzetlərinin hər biri milli mətbuatımızın əzəmətli abidəsi kimi qaldı. Əslində, bunlar elə Nəsir müəllimin özünə ucaldılan möhtəşəm abidələrdir".

Nərgiz Paşayeva
AMEA-nın vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Univerditetinin Bakı filialının rektoru, akademik

Nəsir İmanquliyev həm də bir pedaqoq idi. Elə bir pedaqoq ki, çoxsaylı qələm sahiblərinin beyin məfkurəsi məhz onun zehniyyətindən qidalanırdı. Nəsir müəllim tələbələrini çox sevərdi. Savadlı, bacarıqlı və təvazökarları isə xüsusilə. Fəaliyyət göstərdiyi BDU- də elmi-pedaqoji fəaliyyəti bu gün də tələbələrinin simasında yeni nəslə təbliğ olunur. Hətta auditoriya çərçivəsində onun tələbəsi olmayan Xalq şairi Cabir Novruz yazır: "Biz hər yerdə "Nəsir müəllimin yetirmələriyik" demişik".

Sözü, amalı səs rənginə çevirməyi bacarmaq Nəsir İmanquliyev taleyinin xüsusi ahəngi oldu. O zamanlar Televiziya və Radio Komitəsinin sədr müavini, həmçinin Radioda rəhbər olaraq bir sıra maraqlı layihələr həyata keçirməklə, o, həm də jurnalistikanın çoxfunksiyalılığının vacibliyini önə çəkməyi bacardı.

Daha bir xatirə: o zamanlar təqribən 37-ci illərdə dövlət dili rus dili elan olunduğundan ana dilində qəzet çıxartmaq qadağan olunur. Hər hansı bir etiraz isə ölümlə nəticələnə bilərdi. Qəzetin "Mədəniyyət " bölümünə rəhbərlik edən Nəsir müəllim buna etiraz etməklə kifayətlənməyib şəhəri küçə-küçə dolaşıb etiraz məktubuna imza toplayır və Mərkəzi Komitəyə yollayır. Mərkəzi Komitənin sədri Mir Cəfər Bağırov üzdə olmasa da o da Moskvanın Azərbaycana olan bu cür münasibətindən narazı idi. Və Nəsir müəllimin etirazı uzun çəkmir, Bağırov onu qəbul edir. Ugurla başa çatan bu görüşdən sonra Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib göndərilir. Sonralar Nəsir müəllim danışırdı ki, Mir Cəfər Bağırov onun Azərbaycan dili, muğamlarımızla bağlı narahatlığını qəbul edib, "Koroğlu" operası ilə bağlı xidmətlərini xatırlayıb. Qeyri millətlərdən dilimizi, muğamlarımızı qorumaq üçün ona tövsiyələr verib. Qeyri millətlər deyiləndə ermənilər və onların havadarları nəzərdə tutulurdu.

Bu və bunu kimi bir sıra maraqlı, əhəmiyyətli, əhvallı xatirələr dövrünün müasirləri, onu yaxından, uzaqdan tanıyan böyük şəxsiyyətlərin dilindən filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlili tərəfindən toplanaraq TURAN BANK ın "DƏYƏRLƏRİMİZİ QORUYAQ, TƏBLİĞ EDƏK" layihəsi çərçivəsində mətbuatımızın 145 illiyinə həsr olunan kitabda çap olunub oxuculara təqdim edilmişdir.

Bu kitabda Xalq yazıçısı İsmayıl Şıxlı "Bakı" və "Baku" qəzetləri Nəsir İmanquliyevin övladları idi deyir. Və bu gün də biz onun övladlarının "Bakı"nı yaşatmasının şahidi oluruq. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyeva müasir oxucunun ruhunu oxşayan jurnal haqqında yazır: "Biz heyranlıq doğuran faktların,şəxsi səciyyəli müsahibələrin və qeyri-adi tarixcələrin təqdim olunduğu yeni və orjinal mənbə yaradırıq. Biz bu jurnal vasitəsilə şəhərimizin bütün gözəlliyini və qədimliyini göstərməyə çalışmışıq. Bakı həmişə toleranlığı ilə seçilmişdir. O, ən müxtəlif millətlərin nümayəndələri üçün doğma şəhərdir. "Bakı " jurnalı maraqlı informasiya mənbəyi olacaqdır. Biz bununla həm də ənənələri davam etdirmiş olacağıq".

Tarix bütün dövrlərdə parlayan şəxsiyyətləri fonunda öz diqtəsini bəyan edir. Keçmişlə gələcəyə körpü olan bu günümüzün bağları getdikcə daha da möhkəmlənir.

Ulu öndər, müasir Azərbaycanın memarı Heydər Əliyev jurnalistikanı belə dəyərləndirir: "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən bir sənətdir". Və elə haqlı olaraq Nəsir İmanquliyev Heydər Əliyev dühasının mətbuata olan diqqətini xüsusi vurğulayır :" ...Heydər Əliyev I katib kimi fəaliyyətə başlayandan sonra hər sahədə inkişaf özünü biruzə verdi. O cümlədən mətbuatda da azad fikirlilik hökm sürməyə, üstüörtülü olsa da, milli siyasət yürüdülməyə başladı. "Bakı" qəzetinə verilən xüsusi imtiyaz da I katibin - Heydər Əliyevin adı ilə bağlı idi. Onun diqqəti, qayğısı və səyi nəticəsində "Bakı" və "Baku" milli mətbuat orqanına çevrildi. O dövrün qəzetlərindən fərqləndi".

Və bu gün də bu ənənə davam edir. Əminliklə deyə bilərik ki, çağdaş mətbuatımız və ümumilikdə KİV-i dövlət qayğısı əhatəsindədir. Ölkə başçısı, prezident İlham Əliyev çıxışlarının birində "Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir" deyərək mətbuatın nə dərəcədə əhəmiyyətli cərəyan olduğunu vurğulayır.

Tarix bəşəriyyət üçün hər bir xalqın özünəməxsus xəzinə yarada biləcəyi ortaq bir sərvətdir. Azərbaycan tarixi öz misilsiz milli- mənəvi dəyərləri, maddi resursları, qədimliyi, əzəməti, dəyərli insanları ilə dünya sivilizasiyasına bənzərsiz töhfələr bəxş edib. Və meyar adlı mizan tərəzisində zamanla hər şey öz qiymətini alır.

"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də ki kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir".

Mehriban Əliyeva
Azərbaycan Respublikasının I Vitse-prezidenti