Dövlət Komitəsi “kütləvi kupça” kampaniyasına start verib Hadisə

Dövlət Komitəsi “kütləvi kupça” kampaniyasına start verib

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla ("kupça") əvəz olunması kampaniyasına start verib.
Komitədən "Media forum" saytına bildiriblər ki, kampaniya Azərbaycan prezidentinin 3 fevral 2014-cü il tarixli fərmanının icrası məqsədilə keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.
İlkin mərhələdə bu kampaniya 13-14 noyabr tarixlərində Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa yerlərdə təqdim olunmasıdır. Vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər.
Mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır.
Kampaniyanın keçirildiyi 2 gün ərzində 300-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.
Noyabr ayından start verilən kampaniya ölkənin digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək.