“Vətənin müdafiəsinə hazıram!“ Hadisə

“Vətənin müdafiəsinə hazıram!“

SHXÇDX Xaçmazda tədbir keçirib

Bu gün Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran və Xızı rayon İcra hakimiyyətlərinin birgə təşkil etdikləri "Vətənin müdafiəsinə hazıram!" mövzusunda kütləvi tədbir keçirilib.
Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə SHXÇDX-nin Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar və Quba rayon şöbə və bölmələrinin şəxsi heyəti, rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açıb. O, ilk dəfə olaraq "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbirin Xaçmazda baş tutmasına şərait yaratdığı üçün SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimova təşəkkür edib.
Tədbirdə SHXÇDX rəisinin birinci müavini polkovnik Zaur Abdullayev çıxış edib. Gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq regionlarda keçirilməsinin vacibliyini diqqətə çatdıran Z.Abdullayev deyib ki, bu gün müstəqilliyin qorunub saxlanılması, ölkədə hökm sürən sabitlik və dinamik inkişaf hər kəsi mütəşəkkil olmağa, daha sıx birləşməyə sövq edir. O, Prezident İlham Əliyev tərəfindən Xidmət qarşısında hərbi vətənpərvərlik təbliğatı sahəsində qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini söyləyib.
Tədbirdə iştirak edən Şabran rayonundan şəhid atası Sədulla Qasımov, Xızı rayonundan Qarabağ müharibəsi veteranı İnqilab İsgəndərov, Qusar rayonundan şəhid atası Dövlətxan Həsrətov, Siyəzən rayonundan şəhid atası Əzizbala Əsədov, Quba rayonundan şəhid anası Rəna Cəfərova, Xaçmaz rayonundan Milli Qəhrəman atası Əlibala Şahbazov polkovnik Z.Abdullayev tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə" mükafatı ilə təltif ediliblər.
Tədbirin gedişatında "Çağırışaqədərki hazırlıq" fənninin tədrisində səmərəli fəaliyyəti ilə fərqlənən hərbi rəhbərlər xidmətin idarə rəisi, polkovnik Rövşən Əlvəndov tərəfindən mükafatlandırılıblar.
Tədbirdə məktəblilər adından Xaçmaz rayonundan Novruz Musayev çıxış edib. Məktəblilərdən bir neçəsi "Çağırışaqədərki hazırlıq fənnində yüksək nailiyyətlərinə görə" mükafatı ilə təltif ediliblər.
Böyük maraqla qarşılanan tədbirin bədii hissəsində əzəmətli səs sahibi Şəmistan Əlizamanlı çıxış edib. Ş.Əlizamanlı ifa etdiyi "İgid əsgər", "Cənab leytenant", "Can Azərbaycan" və "Bil oğlum" mahnıları ilə tədbir iştirakçılarında böyük ruh yüksəkliyi yaradıb.