Karantin postlarından keçməyə cəhd edən daha 2450 avtomobil geri qaytarıldı Hadisə

Karantin postlarından keçməyə cəhd edən daha 2450 avtomobil geri qaytarıldı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları müşahidə olunur.

Belə ki, 2021-ci il yanvarın 7-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2450 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3186 nəfər barəsində inzibati tənbeh, eləcə də 4 nəfər barəsində inzibati həbs tədbiri tətbiq olunub.