Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb Hadisə

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin fevral ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı yanvar ayı ilə müqayisədə 9,7% artaraq 431 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, fevral ayı ərzində mərkəzə daxil olan sorğulardan 98%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, fevral ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 9 domen və 9 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 11 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-fevral aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 824 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,1%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 23 hesabat təqdim edilib. Yanvar-fevral ayları ərzində Azərbaycanın internet seqmentində 13 domen və 25 subdomen qeydiyyata alınıb.