Vətən, sənə oğul dedi, Şəhidim Hadisə

Vətən, sənə oğul dedi, Şəhidim

COVID-19 pandemiyası ilə əlaqədar respublikamızda tətbiq olunmuş karantin rejimim tələblərini gözləməklə Masallı Dövlət Regional Kollecində müəllim və tələbələrin iştirakı ilə “Vətən sənə oğul dedi, Şəhidim” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Vətən torpaqlarının işğalçıların tapdağından təmizlənməsi naminə 4 günlük Aprel döyüşlərinə və 44 gün çəkən, şanlı zəfərimizlə başa çatan müharibəyə həsr olunub.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Dövlət Regional Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Namiq Ağayev Vətən müharibəsində 1 müəllim və 12 nəfər tələbənin iştirak etdiyini, onlardan 3 nəfərinin şəhid olduğunu bildirib, qazanılan şanlı zəfərdə Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycan Ordusunun əsgər və zabitlərinin hünərindən danışıb.
Kollecin tarix müəllimi İradə İmanbəylinin çıxışını tədbir iştirakçıları rəğbətlə qarşılayıblar. İradə İmanbəyli deyib: “Zaman-zaman azərbaycanlılara qarşı yönəldilmiş məqsədyönlü, taleyüklü dərdlərdən biri də xalqımızın taleyinə hopmuş Qarabağ dərdi idi. Düz otuz il idi ki, Qarabağ qəmli görünürdü, o cənnət məkan torpaqlarda «Yallı» gedib, «Cəngi» çalan, dədə-babalarımızın məzarlarını tapdaq altına salan ermənilərin bu vəhşiliyinə son qoymaq üçün Azərbaycan Ordusu, Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandan möhtərəm İlham Əliyevin əmrini gözləyirdi. Bu nisgilə, sitəmə son qoymaq üçün Ali Baş Komandan əmr verdi. Hamı kimi kollecimizin tələbələri də silaha sarıldı, Qarabağın azadlığı uğrunda döyüşə getdi və qanları, canları hesabına tarix yazdılar. Onların arasında bu təhsil müəssisəsinin şəhid olmuş tələbələri Ağamalı Şamil oğlu Ağayev, Kənan Azad oğlu İbrahimli və Ağamoğlan Yusif oğlu Kərimov da var”.
Sonra şəhidlərin valideynləri və yaxın qohumları qəhrəmanlar haqqında öz xatirələrini dilə gətiriblər. Digər çıxış edənlər də Aprel döyüşlərində, İkinci Qarabağ müharibəsində Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqdan qürurla söz açıqblar.
Zəfər münasibətilə hazırlanmış ədəbi-bədii kompozisiyanın bədii hissəsində şəhər 4 saylı məktəbinin şagirdi Yusif Əzizlinin ifa etdiyi “Xudayar təsnifi” hamını heyran qoyub. Tədbirdə şagird və tələbələr, azyaşlı məktəblilər tərəfindən vətənpərvərlik ruhunda şer və səsləndirilib.
Ədəbi-bədii kompozisiyanın hazırlanması və səhnəyə gətirməsində zəhməti olanlar - C.Əliyev, bədii qiraətçilər S.İbrahimova, N.Nəsirova, G.Məmmədova, A.Əliyeva, Ü.Nəsirova, D.Dadaşova, Q.Məmmədova, G.Əliyeva, N.Şıxəliyeva, F.Xədicə G.Şahbazova və N Hüseynova tamaşaçıların alqışını qazanıblar.
Tədbirin sonunda ədəbi-bədii kompozisiyada fəal iştirak etdiklərinə görə bir qrup gənc və məktəbli kollecin diplomları ilə təltif olunublar.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü