Abituriyentlərin qəbul olduğu ali təhsil müəssisəsindən imtina etməsinin səbəbləri nədir? Hadisə

Abituriyentlərin qəbul olduğu ali təhsil müəssisəsindən imtina etməsinin səbəbləri nədir?

Bir sıra abituriyentlər şəxsi ambisiyalarından çıxış edərək, sırf sosial şəbəkələrdə tələbə adını qeyd etmək üçün istəmədikləri ixtisası seçirlər. Lakin daha sonra qəbul olduqları ali təhsil müəssisəsindən imtina edirlər.

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, bu kimi halların yaşanması ali təhsil müəssisələrinin də xərc balansının pozulmasına səbəb olur:

“ Plan yeri elan ediləndə tələbələr üçün ayrılan xərclər nəzərə alınır.Yəni ali təhsil müəssisəsi bir ixtisas üçün yüz plan yeri nəzərdə tutursa, o xərcləri yüz tələbə arasında bölür.Tələbələrin sayı nəzərdə tutulandan az olduğu zaman həmin ali təhsil müəssisəsinin xərc balans ciddi şəkildə pozulur.

Qəbul olduğu ali təhsil müəssisədən imtina etmə halları adətən sırf tələbə adını qazandığını sübut etmək üçün istəmədikləri ixtisası və ya ödənişli ixtisasları seçən abituriyentlər arasında yaşanır.”

Ekspert bildirib ki, bu kimi mənfi tendensiyaların qarşısının alınması üçün xarici ölkələrdə cəza mexanizmi tətbiq olunur: “Bir sıra xarici ölkələrdə abituriyent qəbul olduğu univesitetdən üzrsüz səbəbdən qeydiyyatdan keçmirsə, həmin şəxsin növbəti il ali təhsil müəssisəsində ixtisas seçiminə icazə verilmir.”

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 21856 nəfər dövlət sifarişi əsasında, 23005 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.