Bakıda Avropa Yəhudiləri Sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib - FOTO Hadisə

Bakıda Avropa Yəhudiləri Sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib - FOTO

Bakıda Avropa Yəhudiləri Sinaqoqunda 27 Sentyabr - Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Mərasimdə dini ayinlər yerinə yetirilib, şəhidlərin ruhuna dualar oxunub.

Gürcü yəhudiləri Bakı dini icmasının sədri ravvin Zamir İsayev bildirib ki, bu gün Bakı və gürcü yəhudiləri birlikdə toplaşaraq sinaqoqda dualar oxuyub: “Bu torpaqda yaşayan bütün xalqların ağrısı həm də bizim ağrımızdır. Torpaqları azad etmək uğrunda canından keçmiş Azərbaycan övladlarının ruhu qarşısında baş əyirik. Vətənpərvər bir oğul böyüdən, şanlı qələbəni bizə bəxş edən bütün şəhid ailələrinə minnətdarlığımı bildirirəm”.

Dağ yəhudiləri dini icmasının ravvini Avraam Yakubov deyib: “Bu gün biz torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən əsgərlərimizin xatirəsi qarşısında ailələrimizlə, yəhudi qardaşlarımızla birgə baş əyirik. Prezident İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Bütün ölkə Vətənimizin azadlığı uğrunda canından keçən övladlarımızın, oğullarımızın ruhu qarşısında baş əyir”.