Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar Hadisə

Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi bu ölkənin ictimai və siyasi dairələrində, eləcə də mətbuatında böyük əks-səda doğurub.Prezidenti İlham Əliyev müsahibəsində Vətən müharibəsinin ilk anında baş verən hadisələrdən söz açmışdır. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi.

Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi. Döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edilirdi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilirdi. Müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə dəçox fəal gündəlik iş gedirdi və bir sıra hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.

Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

-. Hadrut əməliyyatının əhəmiyyəti qeyd olunmalıdır. Ordumuzu orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır.

Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.

“Bayraktar”lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya ikitərəfli münasibətlərin inkişafından da söz açmışdır: Son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işlər aparılır. Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir.

Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Rusiya sülhməramlı kontingentinin rolu Azərbaycanın Rusiya ilə bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə sıxəməkdaşlıq etməsi deməkdir.

Anar Məmmədov

Xətai RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri