Cəmilə Cavadova-Spitsberq: Qara Qarayevin musiqisi bütöv bir dünyanı ehtiva edir Mədəniyyət

Cəmilə Cavadova-Spitsberq: Qara Qarayevin musiqisi bütöv bir dünyanı ehtiva edir

Fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunub.

AZƏRTAC bu münasibətlə dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə söhbətlər silsiləsini davam etdirib.

Dünyaşöhrətli orqan ifaçısı, ifa sənəti üzrə doktor (ABŞ) Cəmilə Cavadova-Spitsberq Qara Qarayev yaradıcılığının əhəmiyyəti barədə danışıb:

“Qara Qarayevin musiqisi xalq mənbələrindən və 12 tonluq texnikadan caz sənəti azadlığına qədər bütöv bir dünyanı ehtiva edir.

Onun bəstələrinin sərt, lakin ifadəli arxitekturası, melodik xəttinin gözəlliyi, cəsarətli, yenilikçi harmonik və orkestr dili unudulmaz təəssürat yaradır.

Dahi bəstəkarın musiqisinin zəngin, unudulmaz səs palitrası insan təcrübəsinin ən geniş spektrini - sevgi və mübarizə, sevinc və kədər, yumor və dram, xəyallar və reallığı əhatə edir.

Qara Qarayev zamanla ayaqlaşırdı. O, zamanın nəbzini hiss edir, dinləyicilərinə ilham verir və sənət zirvələrinə yüksəlirdi.