Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
“Türkiyənin Suriyadakı mövqeyi əslində qırıq bir aynada görünən kəskin reallıqların inikasıdır. Ərdoğanın addımları, sərhədin o tayındakı sükutun təhlükə ilə dolu olduğunu görən bir liderin məcburiyyətlərindən doğur. Bu, sadəcə Türkiyənin yox, bütöv bir regionun gələcəyinin xəritəsini yenidən çəkən bir mübarizədir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri, jurnalist Əziz Əlibəyli söyləyib.
Jurnalist əlavə edib ki, Suriyanın cənub-şərqində artıq dövlətlər deyil, "qara bayraqlar altında gizlənən qara niyyətlər" mövcuddur: “Nə Suriya var, nə də İraq. Bu ərazilər, siyasi boşluqlarla dolu bir xəritədə terror təşkilatlarının yurduna çevrilib. PKK, PYD, YPG – adları fərqli olsa da, məqsədləri eynidir: Türkiyənin can damarını kəsmək. Türkiyənin addımları tarixə baxıldıqda daha da mənalı görünür. Osmanlı dönəmində Hələb, imperiyanın üçüncü ən böyük şəhəri idi – iqtisadiyyatın, mədəniyyətin, ticarətin mərkəzi. Bu gün isə Hələb və ətrafı, təkcə toz altında qalmış bir miras deyil, həm də geosiyasi güclərin münaqişə meydanıdır. Suriya məsələsi, sadəcə sərhədin o tayındakı xaos deyil, həm də sərhədin bu tayındakı sabitlik üçün böyük bir təhlükədir. Bir anlıq təsəvvür edin: Türkiyənin cənubunda bir ev tikirsiniz, amma evin həyətində hər gün qara tüstü çıxır. Bu tüstü yanğın xəbərçisidir. Suriya məsələsi də elə bu tüstüdür – görməməzlikdən gəlsəniz, alov bütün həyətinizi bürüyər. Ərdoğan məhz bu yanğını önləmək üçün hərəkət edir. O, Atatürk kimi, sərhədlərin arxasında baş verənlərə göz yummur. Çünki bu gün sərhədlər deyil, milli maraqların sərhədləri əsasdır”.
Ə.Əlibəyli PKK və PYD məsələsinin sadəcə təhlükəsizlik problemi olmadığını, bunun 40 ildir davam edən, yarımçıq qalmış bir müharibənin davamı olduğunu bildirib: “PKK-nın dəstək aldığı güclər isə çox açıqdır: ABŞ başda olmaqla Qərbin bəzi dövlətləri bu terror təşkilatlarına açıq dəstək verir. Bu dəstək, "dost" maskası altında düşmənçilik edənlərin oyunundan başqa bir şey deyil. Türkiyə bu reallığı bilir. Ona görə də Ərdoğan, müttəfiqlərindən dəstək gözləməkdənsə, özünü bu mübarizədə tək bilir. Bəlkə də bu təkbaşınalıq, onun sərt siyasətinin əsas səbəbidir. Amma unutmayaq: "Qurdla dost ol, amma əlində baltan olsun." Türkiyə, dostluq təkliflərinə aldanmayan və öz baltasını itirməyən bir ölkədir. Azərbaycan isə bu mübarizədə Türkiyənin yanındadır. Qarabağ müharibəsi zamanı göstərilən birlik, təkcə siyasi və hərbi bir müttəfiqlik deyildi, həm də tarixin çağırışına verilən bir cavab idi. Qarabağda Bayraktarlar süzərkən, bu yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün bir mesaj idi: Biz buradayıq və haqqımızı qorumaq üçün hər şeyə hazırıq. Ermənistan məsələsi də eyni dərəcədə vacibdir. Bu ölkənin uzun illər boyu regionda sabitliyi pozan addımları, indi İran və digər güclərin təsiri ilə daha da təhlükəli bir xarakter alıb. Türkiyə isə bu oyunlara da bizimlə birlikdə göz yuma bilməz. Çünki Ermənistanın təxribatları, Azərbaycanın təhlükəsizliyi qədər Türkiyənin də sabitliyinə yönəlib”.
O həmçinin diqqətə çatdırıb ki, bu mübarizə sadəcə Ərdoğanın şəxsi iradəsi ilə deyil, bir millətin tarixi yaddaşı ilə bağlıdır: “Atatürk demişdi: "Yurdda sülh, cahanda sülh". Amma bugünkü dünya, sülh üçün sərhədləri aşmaq, milli maraqları qorumaq tələb edir. Türkiyə isə bu tələbi anlayır və ona uyğun hərəkət edir. Çünki gözlə görülməyən təhlükə, eşikdən gələn fəlakətə bərabərdir”.