

“Müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi hüquqi mahiyyətinə görə son dərəcə əhəmiyyətlidir. Lakin bu layihənin əhəmiyyəti təkcə hüquqi dəqiqlik və prosedur baxımından deyil, həm də iqtisadi və sosial nəticələr baxımından qiymətləndirilməlidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Bu gün etiraf etməliyik ki, Azərbaycanda ən ciddi və sistemli problemlərdən biri torpaqdan təyinatı üzrə istifadə olunmamasıdır. Qanunvericilikdə müəyyən olunmuş torpaq kateqoriyaları ilə faktiki istifadə arasında fərqlər, torpaqdan kommersiya məqsədi ilə sui-istifadə halları və xüsusilə kənd təsərrüfatına yararlı torpaqların təyinatı üzrə istifadə olunmaması və ya istifadəsiz qalması reallıqlar sırasında yer almaqdadır. Bu da öz növbəsində iqtisadi itkilərə, bəzən isə hüquqi çəkişmələrə gətirib çıxarır.
2023-cü ilin rəsmi məlumatlarına görə, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi 4,8 milyon hektara yaxın olsa da, onların bir hissəsi ya təyinatı üzrə istifadə olunmur və ya faktiki olaraq istifadəsiz qalır. Digər tərəfdən, bir çox hallarda hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərlə dövlət torpaq kadastrında saxlanılan məlumatlar arasında uyğunsuzluq müşahidə olunur. Bu isə mülkiyyət və ya istifadə hüquqlarının rəsmiləşdirilməsində ciddi çətinliklər yaradır, prosesin uzanmasına və nəticədə müxtəlif instansiyalar arasında ziddiyyətli qərarların meydana çıxmasına səbəb olur.
Hazırda mövcud qanunvericilik bu kimi hallarda necə davranmaq lazım olduğunu dəqiq göstərmir. Bu isə həm vətəndaşların, həm də qeydiyyat orqanlarının hüquqi baxımdan qeyri-müəyyən vəziyyətə düşməsinə gətirib çıxarır. Bəzən bu məsələ subyektiv inzibati mülahizəyə əsasən həll olunur, bəzən isə məhkəmə çəkişmələri ilə nəticələnir”.
E.Mirzəbəyli əlavə edib ki, təqdim olunan qanun layihəsi məhz bu hüquqi boşluğun aradan qaldırılmasına xidmət edir: “Əgər təqdim olunan sənədlərdə göstərilən torpağın təyinatı ilə kadastr məlumatları arasında uyğunsuzluq olarsa, qeydiyyat orqanı 15 iş günü müddətində yerquruluşu sənədləri əsasında araşdırma aparacaq. Əgər təqdim edilən məlumatlar təsdiqlənərsə, hüquqlar qeydiyyata alınacaq və kadastr məlumatlarına düzəliş ediləcək. Əgər sənədlərin yanlışlığı sübuta yetirilərsə, qeydiyyatdan qanuni əsaslarla imtina ediləcək. Beləliklə, həm hüquqi sabitlik təmin olunacaq, həm də idarəetmədə subyektiv yanaşmaların qarşısı alınacaq.
Düşünürəm ki, yanlışlığı sübuta yetirilən sənədlərə görə, sadəcə qeydiyyatdan imtina yetərli deyil. Sənədlərdə yol verilən yanlışlıqların səbəblərinin araşdırılması və yanlışlığın bilərəkdən törədildiyi sübuta yetirildiyi halda inzibati məsuliyyətin müəyyənləşməsi də zəruridir. Əks təqdirdə, bu, məsuliyyətsizlik və cəzasızlıq mühitinin formalaşmasına zəmin yarada bilər.
Qeyd etmək yerinə düşərdi ki, bu yanaşma beynəlxalq təcrübəyə də tam uyğundur. Avropa İttifaqında torpaqdan istifadə və təyinat məsələləri “Torpaq Sahələrinin İdentifikasiyası Sistemi” (Land Parcel Identification System) və digər inteqrasiya olunmuş sistemlər vasitəsilə nəzarətdə saxlanılır. Türkiyədə isə “Toprak Koruma və Arazi Kullanımı” haqqında qanun torpaqdan sui-istifadə istifadə hallarına qarşı inzibati tədbirlərin görülməsini nəzərdə tutur.
Təklif olunan dəyşikliklər, eyni zamanda Konstitusiya Məhkəməsinin 2017 və 2024-cü illərdə qəbul etdiyi qərarların icrası baxımından hüquqi öhdəlikdir. Çünki bu qərarlarda oxşar hüquqi hallarda fərqli inzibati qərarların qəbulunun yolverilməz olduğu xüsusi vurğulanır.
Nəticə etibarilə, qanun layihəsi torpaqların hüquqi statusuna dair qeyri-müəyyənliklərin aradan qaldırılması, qeydiyyat proseslərinin şəffaflaşdırılması və torpaq resurslarından təyinatı üzrə səmərəli istifadə olunmasına xidmət edir. Bu isə iqtisadi baxımdan səmərəliliyin artmasına, hüquqi baxımdan isə mübahisələrin və ziddiyyətli qərarların qarşısının alınmasına imkan verəcək.
Qanun layihəsinin qəbulunu zəruri hesab edirəm və həmkarlarımı da dəstək verməyə çağırıram”.