

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Dövlət başçımız III Şuşa Qlobal Media Forumundakı çıxışında Rusiya ilə Avropa İttifaqı arasında yaranan qaz böhranına toxunaraq Azərbaycanın enerji siyasətinin siyasi alətə çevrilmədiyini, tamamilə kommersiya prinsipləri üzərində qurulduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya ilə rəqabətə can atmadı və qaz tədarükünü siyasi təzyiq vasitəsinə çevirmədi. Azərbaycan-Rusiya münasibətləri haqqında geniş danışan ölkə başçısı AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilməməsini, ölkəmizin də təzminat məsələsinin açıq qalmasını və səbəbkarların cəzalandırılmamasını ədalətsiz hesab etdiyini ifadə etdi. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, Rusiyanın bu cür mövqeyi və Rusiya Təhqiqat Komissiyasının səssizliyi məsuliyyətsiz davranışdır və bizim bunu unutmaq fikrimiz yoxdur. Bu konteksdə ölkə başçısı Beynəlxalq Məhkəməyə müraciət olunacağını da deməklə faktiki olaraq Rusiya tərəfinə mesaj ünvanlamış oldu”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq vurğulayıb ki, Prezidentin Forumdakı çıxışında vacib məqamlardan biri də Ukraynada davam edən müharibəyə münasibət oldu: “Ukraynalı jurnalistin “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?” sualına cavabında dövlət başçısı bildirdi ki, ən əsas tövsiyə heç vaxt işğalla barışmamaqdan ibarətdir. Prezidentin bu bəyanatı təkcə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəyin ifadəsi yox, həm də beynəlxaq hüquqa söykənən bir mövqe idi. Şübhəsiz ki, uzun illər ərzində əraziləri işğal altında qalan bir dövlət olaraq biz Ukraynanı kifayət qədər yaxşı başa düşürük və hər platformada da Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə edirik. Ümumiyyətlə isə III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında təşəbbüskar mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyevin çıxışı isə göstərdi ki, Azərbaycan həm regional sabitlik, həm də medianın qlobal problemlərinin həlli üçün konstruktiv və prinsipial mövqe tutur”.
Röya İsrafilova