

“Son illər peşə məktəblərində irəliləyiş müşahidə olunur. Bizdə ilkin peşə, texniki peşə ixtisasları var idi və son illər yüksək texniki peşə ixtisasları da əlavə olunub. Yüksək texniki peşə ixtisası o deməkdir ki, sənə oranı bitirəndən sonra birbaşa subbakalavr kimi kollec səviyyəsinə bərabər diplom verilir. Bu, peşə məktəbini daha da cəlbedici edib. Biz illərin statistikasına baxanda peşə məktəblərinə sənəd verənlərin sayının da artdığını görürük və bununla paralel plan yeri də artırılır. Yəni peşə məktəblərində müsbət irəliləyişlər görmək olur. Sistemlə bağlı problemlər var. Amma tələbə sayında artımlar var. Sistemlə bağlı problem odur ki, yəni burada konkret portal.edu.az-da əlavə peşə təhsili ilə bağlı müəyyən qaranlıq məqamlar var. Tələbələrin yerləşdirilməsi ilə bağlı müəmmalar var. Bilinmir bal əsasda yerləşdilir, ictimaiyyətə bununla bağlı açıqlama verilmir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında təhsil üzrə ekspert Rizvan Fikrətoğlu söyləyib.
Ekspert əlavə edib ki, hətta bu ili çıxmaq şərti ilə əvvəlki illərdə peşə məktəblərində ixtisasların plan yerləri açıqlanmırdı: “Bu il açıqlandı, amma bu da məlum məsələdir qəbul attestat ortalamasına görə, yüksək peşədə isə buraxılış balına görə aparılır. Lakin hansı ixtisas neçə baldır, bunlar açıqlanmır və bu da qaranlıq məqamdır, cəmiyyətdə şübhələr yaradır. Yerləşdirmə doğrudanmı şəffafdır? mən düşünürəm ki, yerləşdirmənin şəffaflığında problem var ki, açıqlanmır. Yəni məsələn, mənim attestatım 4-dür. Mən düşünürəm ki, 3-ü yerləşdirirlər məni yox. Yəni növbəti illərdə peşə jurnalında mütləq şəkildə bu da olmalıdır”.
R.Fikrətoğlu bildirib ki, ümumilikdə, peşə məktəbləri, peşə ixtisasları ilə bağlı dəyişikliklərin sürətli və səmərəliliyi hələ də istənilən səviyyədə deyil: “Əsas göstəricilər üzrə effektiv iştirak səviyyəsi, innovasiya, nəticə yönümlülük, müsbət dinamika olsa da davamlı inkişaf üçün sistemli yanaşma çatışmır. Problemlər var. Yəni qanunvericilikdə strateji boşluqlar var. Çox vaxt qanunvericilik real tələbatlarla ayaqlaşmır və tətbiq etmədə mexanizmlər zəifdir. Düşünürəm ki, peşə ixtisaslarında bəzən əmək bazarının tələbini ödəməyən ixtisaslara da rast gəlirik. Bundan əlavə, peşə məktəbləri ilə bağlı ixtisaslı kadr problemi hələ də var. Mövcud olanların səriştə çatışmazlığı var, çatışmazlığın inkişafı ləngiyir.”.
O eləcə də diqqətə çatdırıb ki, ümumiyyətlə, sahəyə uyğun maddi-texniki baza və rəqəmsal inkişaf zəifdir: “Müxtəlif qurumlar, tərəfdaşlar arasında koordinasiya və nəticələrin qiymətləndirilməsi də zəifdir, amma perspektivlər də var. Yəni müasir texnologiyaların tətbiqi bu sahədə ciddi keyfiyyət dəyişikliyi yarada bilib. Qısa, orta və uzunmüddətli məqsədləri əhatə edən, real əsaslara söykənən strategiya hazırlanmalıdır. Maraq qruplarının iştirakı və ictimai nəzarət artırılmalıdır. Həmçinin qlobal təcrübədən istifadə və uğurlu modellərin uyğunlaşdırılması müsbət nəticələr verə bilər. Peşə məktəbləri ilə bağlı xırda detallar, problemlər də mövcuddur. Məsələn, biz Peşə Agentliyinin saytına daxil olanda peşə məktəblərinin ünvanlarının düzgün yazılmaması, mobil nömrələrin düzgün olmaması ilə üzləşirik. Düşünürəm ki, bu sahədə müəyyən qədər də mənfi mənada müstəqillik var. Peşə məktəblərinin bir qismi Peşə Agentliyinə tabe olmamaqla sanki özlərini publik hüquqi şəxs kimi aparırlar. Yəni bir növ o qədər də çətinmək yoxdur. Bu sahədə müəyyən qədər məktəblərin mərkəzə tabe olmama iddiaları da var. Müəyyən qədər nəzarət və rəhbərlik sistemində də dəyişikliyə ehtiyac var”.
Röya İsrafilova