Ermənistanda Konstitusiya dəyişikliyi: yayınma halları baş verərsə... Gündəm

Ermənistanda Konstitusiya dəyişikliyi: yayınma halları baş verərsə...

Vaşinqtonda Azərbaycanla ABŞ arasında tarixi sənəd - Anlaşma Memorandumu imzalanandan sonra Prezident İlham Əliyev mühüm məsələlərə toxunub. Bu məsələlərdən biri də Ermənistanın öz Konstitusiyasını dəyişdirməsidir. Ermənistanın öz üzərinə düşən məsuliyyətdən, Konstitusiyada ediləcək dəyişikliklərdən danışan Azərbaycan Prezidenti deyib: “Mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.

“Razılaşmanın icra edilməsi lazımdır”

Politoloq Turan Rzayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton görüşündən dərhal sonra Azərbaycan media nümayəndələrinə verdiyi açıqlamada qeyd etdiyi fikirlər, xüsusilə də Ermənistanın üzərinə düşən məsuliyyəti dərk etməli olduğunu bir daha vurğulaması təsadüfi deyil: “Ümumiyyətlə, Vaşinqton görüşü tarixi görüş idi və ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü, vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi fonunda baş verdi. Bu, həqiqətən də tarixi bir hadisə idi. Görüş kifayət qədər konstruktiv keçdi. Üçtərəfli bəyanat bunun ən real göstəricidir. Yəni tərəflər sülh sazişinin paraflanmasına razılaşdılar, ATƏT-in Minsk qrupunun ləğv edilməsi qərarlaşdırıldı və təbii ki, bizim Zəngəzur dəhlizi və bəyannaməyə görə “Tramp sülh yolu”nun açılmasına dair öhdəlikləri qəbul etdilər. Bura qədər hər şey aydındır. Şübhəsiz, bir razılaşma var və onun icra edilməsi lazımdır. Amma digər tərəfdən də Ermənistanı ən azından münaqişə tarixində 30 ildən artıq tanıyan və öncəki prosesləri də yaxşı bilən bir Azərbaycan var. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev kifayət qədər uzaqgörən və məsələlərə praqmatik yanaşan, risk faktorlarını öncədən dəyərləndirib ona uyğun addımlar atmağı bacaran və bunu sevən bir liderdir. Faktiki olaraq razılaşmanın olmasına baxmayaraq əvvəllər də imzalanmış razılaşmaları dəfələrlə pozan Ermənistan nümunəsini bildiyi üçün belə bir açıqlama verdi”.

“Top Ermənistandadır”

Politoloq əlavə edib ki, bu gün əslində Ermənistanda hələ də revanşist qüvvələr var, Rusiyaya sadiq beşinci kolon var, Rusiya hərbi bazaları var: “Yəni Ermənistana təsir etmək istəyəcək qüvvələr var. Paşinyanın əslində Azərbaycanla sülh sazişi imzalamaq və ya Vaşinqtonda görüşmək, razılıq əldə etmək bəlkə də bacara biləcəyi ən asan şey idi və əslində bu da oldu. Bunu daxili auditoriyaya izah etmək, başa salmaq və qəbul etdirmək, müxalifətin reaksiyalarına tab gətirmək, o cümlədən xarici təsirlərə qarşı immunitet yaratmaq lazımdır. Əslində Azərbaycan Prezidenti bununla demək istəyir ki, biz öhdəmizə düşəni etdik, top Ermənistandadır. Həqiqətən də Azərbaycanda bu gün faktiki olaraq müxalifətin də reaksiyasına baxanda görünən odur ki, yəni bir dəstək ifadəsinin artıq şahidi oluruq. İctimaiyyətdə də birmənalı şəkildə Prezident İlham Əliyev dəstəklənir. Bu, mediada gedən yazılardan, ekspert rəylərindən də aydın şəkildə hiss olunur və belə olan təqdirdə deyə bilərik ki, Azərbaycanda Vaşinqton görüşünün nəticələrinə etiraz edəcək hansısa bir qüvvə və yaxud da cəmiyyətin bir sferası yoxdur. Yəni bu siyasətə və bu siyasəti icra edən dövlət başçısına tam dəstək ifadə olunur”.

“Ermənistan Konstitusiya dəyişikliyinə getməlidir”

O bildirib ki, amma Ermənistanda vəziyyət elə deyil və belə olduğu üçün də Prezident İlham Əliyev faktiki olaraq bu mesajı verir ki, yəni buradan geri dönüş yoxdur: “Əgər bir pozuculuq fəaliyyəti və təxribat olarsa, o cümlədən yayınma halları baş verərsə, bunun ilk növbədə Ermənistan üçün mənfi nəticələri olacaq. Nəzərə almaq lazımdır ki, burada vasitəçi və tərəfləri bir araya gətirən ABŞ, onun Prezidenti Donald Tramp olduğu üçün bu, həm də ona hörmətsizlik olacaq və prosesin gələcəyi baxımından risk faktorları yarada bilər. Ona görə də Ermənistan bu məsələdə əlindən gələni etməli və prosesi sürətləndirməlidir. Ələxsus da burada Konstitusiyanın dəyişdirilməsi vacibdir. Ermənistan Konstitusiyasında, o cümlədən Müstəqillik bəyannaməsində Azərbaycan və ətraf ölkələrə ərazi iddiaları var. Belə olan təqdirdə də, şübhəsiz, bu proses əleyhimizə işləyə bilər, sülh gündəliyinin gələcəyini təhlükə altında ala bilər. Ona görə Ermənistan tərəfi bunu nəzərə alıb, sülh prosesinə töhfə verəcək Konstitusiya dəyişikliyinə getməlidir və daxili təzyiqləri ən qısa zamanda kənarlaşdırmalıdır”.

“Azərbaycana qarşı heç bir ərazi iddiası olmamalıdır”

Politoloq İlyas Hüseynov söyləyib ki, cənab Prezident İlham Əliyev Vaşinqtonda imzalanan tarixi sənəddən sonra yerli kütləvi informasiya vasitələrinə müsahibəsi zamanı bir sıra mühüm məsələlərə toxundu və bildirdi ki, Ermənistanın üzərinə məsuliyyət düşür: “Əlbəttə, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Xüsusilə Konstitusiyanın preambula hissəsində Azərbaycana qarşı ərazi iddiaları var. Onlar aradan götürülməlidir. Hüquqi aktlarda Azərbaycana qarşı heç bir ərazi iddiası olmamalıdır və bundan sonra istənilən zaman sülh müqaviləsi imzalana bilər”.

“Ermənistan öz ev tapşırığını yerinə yetirməlidir”

O, Ermənistanın bu prosesi yubatmamalı olduğunu vurğulayaraq əlavə edib ki, əldə olunan razılaşmadan boyun qaçırtmaq, ABŞ-yə və şəxsən Prezident Trampa qarşı böyük hörmətsizlik olacaq: “Çünki Tramp əlindən gələni etdi ki, regionumuzda dayanıqlı sülh olsun, təhlükəsizlik mühiti olsun, inkişaf, rifah üçün bazis formalaşsın. Əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri pozacaqsa, bu, Ermənistanı beynəlxalq miqyasda mənfi imicdə göstərəcək. Biz Ermənistanın xislətinə bələd olduğumuz üçün bu məsələnin sürətləndirilməsinin tərəfdarıyıq. Ermənistan üzərinə öhdəliklər götürüb, ev tapşırığını yerinə yetirməlidir və Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Məlumdur ki, ayrı-ayrı güc mərkəzləri Ermənistan mediası vasitəsi ilə, Ermənistanda müxtəlif şəxslər yolu ilə ictimai rəyə təsir etmək gücündədirlər və bu imkanlardan bu gün də geniş yararlanırlar. Lakin Ermənistan siyasi iradə nümayiş etdirməlidir”.

“Bu, bütün regionun xeyirinə olacaq”

İ.Hüseynovun bildirdiyinə görə, Ermənistanın hakim komandası tarixi qərar verərək Konstitusiya dəyişikliklərini icra etməlidir: “Bu proses növbəti ili əhatə edir. Lakin indidən ictimai rəy hazırlanmalıdır. Bu istiqamətdə müxtəlif media orqanları fəal iş aparmalıdır. Nikol Paşinyanın özü və komandası geniş nitqlər söyləməlidir, opponentlər susdurulmalıdır. Onlarla arqumentləşdirilmiş dialoq formalaşdırılmalıdır ki, ictiami rəy referendumun müsbət nəticələri haqqında məlumatlı olsunlar, siyasi iradə nümayiş etdirərək referenduma getsinlər və öz rəylərini bildirsinlər. Düşünürəm ki, proses uğurlu nəticələnərsə, bu, bütün regionun xeyirinə olacaq”.

“Ermənistan əldə edilən razılaşmanı yerinə yetirməkdən yayınmamalıdır”

Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib ki, Ermənistan ABŞ-də əldə edilən razılaşmanı yerinə yetirməkdən yayınmamalıdır: “Burada da təbii ki, ilk yerdə konstitusiya dəyişikliyi məsələsi dayanır. Ermənistan Konstitusiyası, ona bağlı ana sənədlərdə Azərbaycan torpaqlarına iddia məsələsi, Qarabağın Ermənistana birləşdirilməsi məsələsi hələ də qüvvəsindədir. Bu mənada mən düşünürəm ki, bu məsələyə Ermənistanın xüsusi diqqət yetirməsi lazımdır”.

“Bu, Azərbaycanın illərdir doğru yolda olduğunun göstəricisidir”

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycana, Prezident İlham Əliyevə qərb ölkələri tərəfindən İkinci Qarabağ müharibəsindən sonra təzyiqlər olunurdu: “Yəni qərəzli açıqlamalar verirdilər. Azərbaycan bu təzyiqlər qarşısında geri çəkilmədi və bu sənəd imzalandı. İndi həmin təşkilatlar, şəxslər Azərbaycanı təbrik edirlər, təqdir edirlər. Hesab edirəm ki, bu, Azərbaycanın illərdir doğru yolda olduğunun göstəricisidir. Bu məsələlər faydalı məqamları özündə ehtiva edir və Prezident İlham Əliyevin regionda və dünyada sülh olması üçün atdığı bu addımın nə qədər doğru, yerində və dürüst, lazımlı bir qərar olduğunun zamanla dünya ölkələri də, bizim əleyhimizə çıxanlar da qəbul edəcək”.

Röya İsrafilova