

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Vaşinqton danışıqlarından sonra İranın Azərbaycana qarşı mövqeyi daha da sərtləşib. Xüsusilə “Tramp marşrutu” ilə bağlı əldə olunan razılaşmadan sonra Tehranda nüfuzlu siyasi dairələr açıq şəkildə Bakını ABŞ-nin və İsrailin bölgədəki əsas müttəfiqi kimi təqdim edir və hətta birbaşa hərbi zərbələrdən danışmaqdan çəkinmirlər. Bu ritorika İran siyasətində mövcud olan radikal xəttin nə qədər təhlükəli və emosional olduğunu göstərir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Siyasi şərhçi əlavə edib ki, daha narahatedici məqam isə, İrandakı müəyyən dairələrin Azərbaycana qarşı təzyiqi küçə səviyyəsinə endirmək cəhdləridir: “Agentura şəbəkəsinin yardımı ilə bir neçə qadını aksiyalara çıxarmaq, onların simasında genişmiqyaslı antiazərbaycan kampaniyası yaratmaq planlaşdırılır. Məqsəd yalnız daxili təbliğat deyil, həm də Azərbaycanı Qəzzada baş verən hadisələrlə eyniləşdirmək, İsrailin yanında göstərmək və nəticədə regionda Bakını da antisemit ritorikanın hədəfinə çevirməkdir. Bu isə açıq şəkildə ikili standartdır. Çünki həmin müqavilənin birbaşa tərəfi olan Ermənistan – Zəngəzur dəhlizini ABŞ-yə icarəyə verən ölkə – Tehran tərəfindən “qırmızı xətt” kimi təqdim edilmir, heç bir hədəfi eşitmir. Əksinə, bütün qəzəb və ritorika Azərbaycana yönəlir. Bu fakt göstərir ki, İranın strateji yanaşmasında əsas məqsəd balanslı siyasət deyil, daha çox öz ideoloji və məzhəbi təsirini qorumaqdır”.
Ə.Əlibəyli qeyd edib ki, lakin Azərbaycanın mövqeyi qəti və dəyişməzdir: heç bir dini ritual, bayraq, rəmz, ələm və ya ideoloji təsir ölkənin müstəqilliyindən və suverenliyindən üstün ola bilməz: “Azərbaycan nə Qəzzanın, nə də başqa bir bölgənin siyasi manipulyasiyalarına qurban veriləcək. Bu ölkə regionda öz milli maraqları üzərində qərar verir və gələcək yolunu müəyyənləşdirir. İranın sərt ritorikası və küçə səhnəsinə gətirdiyi agentura oyunları Azərbaycanı zəiflətməyəcək, əksinə, Bakının həm Qərblə, həm də digər strateji tərəfdaşlarla əlaqələrini daha da gücləndirməsinə səbəb olacaq. Azərbaycanın dövlətçilik fəlsəfəsi aydındır: ölkə heç kimin qaramat ideoloji savaşının meydanına çevrilməyəcək. Əksinə, bölgədə sabitliyin və müstəqilliyin dayağı olaraq qalacaq”.
Röya İsrafilova